Fuzarioz - törədicisi Fuzarium növünə aid göbələkdir. Yalnız qıçalar yoluxur, bu da məhsulu 50 - 60 faizədək azalda bilər. Xəstəlik adətən yüksək nəmişlik olan ərazilərdə daha çox yayılır. Yoluxma zamanı dənin üstü ağ və ya çəhrayı rəngli tozla örtülür (Şəkil 4.22). Xəstə toxumların cücərtiləri sonra qəhvəyi rəngə boyanır və quruyur. Xəstəliyin törədiciləri torpaqda və ya yığımdan sonra bitki qalıqlarında qalır. Və növbəti ildə toxumlar əkildikdə yenidən xəstəlik yayılır.
4.3.2.2. Qarğıdalının ziyanvericiləri
Vegetasiya dövrünə görə 5 əsas bölməyə bölünür:
Fidan zərərvericiləri - qarğıdalının ilk 5 həftəlik dönəmində fidan və köklərlə bəslənərək zərər verir. Əsas zərərvericilər məftil qurdları, nematodlar, və başqa kəsici qurdlardır (Şəkil 4.23).
Yarpaq və yarpaq qulağında bəslənən ziyanvericilər - bu ziyanvericilər bitkinin saçaq əmələ gətirmə fazasında yarpaqlarda bəslənərək bitkiyə zərər verir. Əsas yarpaq zərəvericiləri qarğıdalı kəpənəyi, pambıq sovkası və yaşıl qarğıdalı qurdudur.
Erkək və dişi çiçəklərdə bəslənən ziyanvericilər - bu qrupda yer alan ziyanvericilər qıça saçaqlarını kəsərək bitkilərə zərər verir. Əsas ziyanvericilər qarğıdalı kök qurdları, qarğıdalı yaşıl qurdu və mənənələrdir (Şəkil 4.24).
Qarğıdalı qıçalarının zərərvericiləri - bu həşəratlar qarğıdalı dənini yeyərək bitkiyə zərər verillər. Əsas zərərvericilər payız sovkası, pambıq sovkası, yaşıl tırtıllar, və qarğıdalının qıça qurdu, qarğıdalı sovkasıdır (Şəkil 4.25).
Qarğıdalı qıçasının özəyində bəslənən zərərvericilər - onlar özəkdə bəslənərək zərər verirlər. Bu ziyanvericilərə pambıq sovkası, qarğıdalı kəpənəyi, qarğıdalı kök qurdları və çəhrayı sap qurdu aiddir (Şəkil 4.26).