4.3.2. Xəstəlik və ziyanvericilərin müəyyən edilməsi və onlarla mübarizə tədbirləri
4.3.2.1. Qarğıdalı xəstəlikləri
Toxum və cücərtilər, yarpaq və gövdə çürükləri, qıça xəstəlikləri olaraq 5 qrupa bölünür.
Respublikanın demək olar bütün rayonlarında toz sürmə, qovuqlu sürmə, niqrosporioz, fuzarioz, çəhrayı çürümə və başqa xəstəliklərdən qarğıdalı əkinləri məhsul itkisi verir.
Qovuqlu sürmə - (xəstəliyin törədicisi Ustilago zea (Link) Unger göbələyidir) (Şəkil 4.20). Vegetasiya boyu bitkinin bütün orqanlarında rast gəlir, təkcə yeraltı köklərdən başqa. Yarpaq, qıça, süpürgə, gövdə və dəstək köklərində fərqli ölçü və boylarda şişlər əmələ gəlir. Ən böyük şişlər qıçalarda və gövdədə əmələ gəlir. Yarpaqda bu şişlər qırışlara oxşayır. Məhz bu qırışlara görə yarpaqlarda bu xəstəliyi ilk dəfə təsbit etmək olur. Şişlər əmələ gələn gövdələr kövrələrək qırılırlar. Ona görə bu xəstəliyin gövdə forması daha qorxuludur.
Xəstəlik şişin içində əmələ gələn tozla külək vasitəsilə 3 həftəyə böyük əraziyə yayıla bilər. Partlamamış şişlər torpağa düşdükdə aqrotexniki tədbirlərə riayət edilməsə törədici göbələklər 4 ilə dək yaşayır. Xəstəliyə tutulmuş bitkiləri heyvanlara vermək olmaz. Xəstəlik 10-60 faiz məhsul itkisinə səbəb ola bilər.
Toz sürmə - törədicisi Sorosporium reilianium göbələyidir (Şəkil 4.21). Qovuqlu sürmədən fərqli olaraq yalnız qıça və süpürgələrdə əmələ gəlir. Qıça oval-konusvari formada qara kütləyə çevrilir. Qıça qısa üst yarpağı ilə bağlı olur. Qıçanın üz qabığı əvvəl yaşıl olur, sonra (süd yetişmə fazasında) saralır və quruyub açılır. Süpürgələr tamamən qaralır və göbələk sporları ilə dolu olur.
Xəstə bitkidən torpağa tökülən törədicilər bir neçə il saxlana bilir. Adətən xəstəliyə yoluxma bitkinin cücərdiyi vaxt baş verir. Yoluxmuş bitkilər inkişafdan dayanır və deformasiyaya uğrayırlar. Bu xəstəlik 15-20 faiz məhsul itkisinə səbəb ola bilər.