4. Qarğıdalı əkinlərinə qulluq
Qarğıdalı əkildikdən sonra yüksək məhsuldarlığa nail olmaq üçün əsas şərt düzgün aqrotexniki qulluq tədbirləridir. Bu mövzuda lazımi aqrotexniki tədbirlər haqda geniş məlumat veriləcək.
4.1. Məhsul faktorları
Qarğıdalı əkinlərinə qulluq.
Qarğıdalı bitkisinə əsas qulluq işləri malalama, seyrəltmə, kətmənləmə - kultivasiya, dib doldurma, gübrələmə, xəstəlik, zərərvericilər, alaq otları ilə mübarizə və sulama tədbirləridir.
4.1.1. Malalama
Cücərtilər çıxdıqdan sonra, yapıxan torpaqlarda isə cücərtilər əmələ gəlməzdən qabaq, əkin sahəsinin malalanması qarğıdalı əkinlərinə qulluq işində ən mühüm tədbirlərdən biridir. Torpaqda əmələ gələn qaysaq və burada bitən alaq otları malalama vasitəsi ilə məhv edilir. Malalama bitkidə 2-3 yarpaq əmələ gəldiyi zamanda aparıla bilər. Malalama səhər tezdən, şeh olduğu zaman yox, günorta saatlarında - ən isti vaxtda keçirilməlidir. Bu vacib şərtdir, çünki bu zaman qarğıdalı cücərtiləri kövrək olmur və sınmır.
4.1.2. Seyrəltmə
Qarğıdalı bitkisində əkin sıx aparılıbsa və ya eyni yuvada birdən çox toxum cücəribsə, çıxışdan təxminən 10-15 gün sonra (qarğıdalının 4-5 yarpaq fazasında) seyrəltmə aparılmalıdır. Bitkinin böyümə konusu bu dönəmdə torpaq səviyyəsinin altında olduğu üçün bitki kökdən çəkilərək seyrəldilir. Seyrəltmə zamanı bitkilərin bir hektar üçün müəyyən edilmiş müvafiq sıxlıqda olması üçün hər yuvada lazımi qədər bitki saxlanılmalıdır. Seyrəltmə işi ən qısa müddətdə keçirilməlidir, çünki bu iş yubandıqda məhsuldarlıq aşağı düşür.
Cücərtilər üzə çıxdıqdan sonra aşkar edilmiş boş yuvalara isladılmış toxumlar və ya qidalı şitilliklərdə yetişdirilmiş şitillər əkilməlidir.
Seyrəltmə ilə bərabər kətmənləmə də aparılmalıdır.
4.1.3. Kətmənləmə
Kətmənləmədən çox asılı olan qarğıdalı bitkisi üçün ilk kətmənləmə alaq otlarından mübarizə, torpağın qaysaq təbəqəsinin yumşaldılması və bitkinin dibinin doldurması məqsədi ilə aparılır.
Qarğıdalıda iki kətmənləmənin aparılması kök bölgəsində havalanmanı təmin edərək, bitkinin inkişafına səbəb olur və alaq otlarını məhv edir. Kətmənləmədən sonra alaq otları ilə mübarizə, su və qida maddələrinin rəqabəti qarğıdalı üçün əlverişli hala çevrilir və məhsuldarlıq artır.