Marker aqreqatın birinci gedişi üçün nişanlanmış xətlər üzrə olmalıdır. Konfiqurasiyası düzgün olmayan sahələrdə isə bu xətlər sahənin mərkəzindən keçməlidir. Tarla markerlənən kimi səpinə başlamaq lazımdır.
Toxum əkən işçi tez-tez toxumun əkin dərinliyini, yuvaya düşən toxum sayını, cərgələrin düzgünlüyünü yoxlamalıdır. Əgər hansısa bir əyrilik varsa, cihazı yenidən nizamlamalıdır.
Təsərrüfatda pnevmatik maşınlar yoxdursa, sadə əllə əkin aparmaq olar. Bunun üçün də sahələr şumlanır və traktorla şırımlar açılır. Şırımlar açıldıqdan sonra iplə sahə işarələnir və markerlənir.
Cərgələr hazırlandıqdan sonra işçilər kətmənlə toxum üçün yuvalar hazırlayır. Əl ilə və ya əllə əkin üçün pnevmatik alətlərdən istifadə edilərək hər yuvaya 5-7 ədəd dən qoyulur. Toxumların üstü kətmən vasitəsi ilə torpaqla yenidən örtülür (Şəkil 3.25). Əllə əkin, adətən, kiçik təsərrüfatlarda və kiçik həcmli elmi tədqiqat sahələrində istifadə olunur.
Suvarılan torpaqlarda toxumların bir vaxtda və bir bərabərdə cücərməsi üçün əkin zamanı suvarma şırımları da açılmalıdır. Hopdurma üsulu ilə suvarma üçün olan şırımların dərinliyi 12-14 santimetr olmalıdır.
Sərbəst iş üçün tapşırıqlar