Səpindən əvvəl toxumlar saxlanan ambarlarda aprobasiya aparılır. Aprobasiya göstəricilərinə görə I sinif toxumların hər yüz qıçasında ağarma, fuzarioz, nigrosporioz, bakterioz və qırmızı çürümə xəstəliklərinə tutulan 10, II və III sinif toxumlarda isə 30 ədəddən çox dən olmamalıdır.
Diplodioz və qovuqlu sürmə xəstəliyinə tutulmuş toxum səpin üçün yararsızdır.
Qıçada saxlanılan toxumları səpinə 10-15 gün qalmış döyərək laboratoriyada yoxlamaq lazımdır.
Döyülməzdən əvvəl tipik olmayan, xəstə və ziyanvericilərlə zədələnmiş qıçalar çıxdaş edilir. Yararlı hissələrin orta hissəsində yerləşən dənlər isə səpin üçün ayrılmalıdır, çünki qıçanın aşağı və yuxarı hissəsində olan dənlərdən zəif bitkilər inkişaf edir. Buna görə də həmin hissələr kəsilir və onlardan alınan dənlər təsərrüfatda başqa məqsədlər üçün işlədilir. Xırda və tam inkişaf etməmiş dənlərdən də toxum üçün istifadə etmək olmaz.
Toxumların cücərmə qabiliyyətini, enerjisini və qüvvəsini artırmaq məqsədi ilə 10-15 santimetr qalınlığında laylarla səpilir və 4-5 gün günəş altında qızdırılır.
Göbələk və bakteriya xəstəliklərindən qorumaq üçün toxumları səpindən 3-5 gün qabaq 75 faizli vitavaks (3 kiloqram/ton), qranozan (1,0-1,5 kiloqram/ton), 80 faizli vitaturan (2-3 kiloqram/ton), Bayleton və sair preparatlarla dərmanlamaq lazımdır. Son illər toxumun dərmanlanmasında 60 faizli raksil (1 hektara 100 qram), divident (1 hektara 0,5 kiloqram) preparatından istifadə olunur. Dərmanlamanı çox erkən etdikdə toxumların cücərmə qabiliyyəti zəifləyir və məhsuldarlığa ciddi zərər vurulur.
Proses ərzində təhlükəsizlik məqsədi ilə işçinin xüsusi paltar və nəfəslikdən istifadə etməsi şərtdir (Şəkil 3.19).
Dərmanlama xüsusi çiləmə aparatları və ya əllə aparılır (Şəkil 3.20, Şəkil 3.21).