3.1.2. Toxumun saxlanma şərtləri
Güclü cücərtilər və yüksək məhsuldarlığa nail olmaq üçün mütləq keyfiyyətli toxum seçmək lazımdır. Dən canlı bir orqanizmdir və saxlanma zamanı belə rüşeymin yaşaması üçün maddələr mübadiləsinə davam edir. Buna görə də toxum saxlanma müddətində düzgün şəraitlə təmin olunmalıdır. Toxum nə qədər çox müddətə və pis şəraitdə saxlanılarsa, bir o qədər toxumun cücərmə faizi azalır.
Toxumun effektiv saxlanması üçün əsas faktor onun nəmliyidir. Saxlanılan toxumların nəmlik faizi 14-16 faizdən yuxarı olmamalıdır. Bundan artıq nəmlik toxumların cücərmə faizlərinin aşağı olmasına və yaxud tamamən əkin üçün yararsız olmasına səbəb olur.
Qarğıdalı dəni taxıllar fəsiləsinin digər bitkilərindən fərqli olaraq daha böyük və ağırdır. Müqayisə üçün qarğıdalının 1000 dəninin çəkisi 100-500 qram, eyni sayda buğda dəninin çəkisi isə 45-55 qram olur.
Yerli qarğıdalı sortlarının 1000 dəninin çəkisi 300-360 qrama bərabərdir.
Səpin üçün hazırlanan toxumun təmizliyinə fikir vermək lazımdır. Toxumların içində zibil, xəstəlik və ziyanvericilər, aqrotexniki tədbirlər təsirindən zədələnmiş toxumlar, başqa sortlar və fəsillərə aid bitkilərin toxum qarışığı olmamalıdır (Şəkil 3.10).
3.2. Sortun seçilməsi
Səpin üçün toxum seçərkən sortun aşağıdakı əsas müddəalarına fikir vermək məsləhət görülür: