Səpinqabağı torpağın şumlanması torpağın isinməsinə kömək edir, sahəni alaqlardan təmizləyir və həmçinin torpaq mikroflorasının fəaliyyətini yaxşılaşdırır, toxumların torpaqda bir bərabər dərinliyə düşməsinə və sahədə torpaq səthinin hamarlanmasına səbəb olur.
Yazda şumun tirələri azca quruyan kimi, onu “ziq-zaq” dişli mala ilə malalamaq zəruridir. Malalamanın dalınca sahə 10-12 santimetr dərinlikdə bütöv kultivasiya ilə yumşaldılır və yenidən malalama aparılır.
Kür-Araz düzənliyindəki rayonlarda və başqa suvarma rayonlarında torpaqda su ehtiyatını yaratmaq üçün mütləq şırımlarda arat keçirilməlidir. Arat-əkinqabağı torpağın nəmliyini kifayət qədər artırmaq və duzluluğu bir qədər yüksək olan torpaqlarda yuma rejimi yaratmaq üçün əkin sahəsinə bir qədər iri norma ilə verilən sudur. Arat elə vaxtlarda keçirilməlidir ki, torpaq səpinə qədər yetişsin. Arat edilmiş sahələrdə torpaq quruduqca malalanmalıdır.
Əgər torpaqda alaq otları varsa və ya torpaq sıxlaşıbsa, dondurma şumu kultivatorla 10 - 12 santimetr dərinliyində becərilməli və eyni zamanda malalanmalıdır.
Aran və dağətəyi rayonların suvarılan torpaqlarında, habelə rütubətlə yaxşı təmin olunmuş dəmyə torpaqlarda qarğıdalı əkini üçün herik şumundan istifadə edilməsi məsləhət görülür. Bilavasitə səpindən qabaq hər yerdə torpaq toxum basdırılan dərinlikdə şumlanmalıdır. Qarğıdalının əkin dərinliyi torpaq və iqlim şəraitindən asılı olaraq 2-7.5 santimetr arasında dəyişə bilər.
Əgər əkilən sahənin üst qatı quru və istidirsə əkin dərinliyi arta bilər. Məsələn, dənləri daha da çox nəmliklə təmin olunmuş bir qata qoymaq üçün gilli torpaqlarda qarğıdalı 7.5-8 santimetr, qumsal torpaqlarda isə 12.5 santimetr dərinlikdə əkilə bilər. Əgər torpaq qarğıdalı əkini üçün əlverişlidirsə dənin əkin dərinliyi 5-8 santimetr ola bilər.
Tarlalarda bioloji zibillənmənin qarşısını almaq üçün müxtəlif sortların əkinləri elə yerləşdirilməlidir ki, başqa sort və ya hibrid bitkilərlə tozlanma imkanı olmasın. Sortlar və hibridlər arasında azı 200 metr məsafə qoyulmalıdır. Toxumçuluq üçün ən münbit torpaqlar seçilməlidir. Bataqlaşmış və şoran torpaqların toxumçuluq üçün ayrılmasına yol vermək olmaz. Payızlıq taxıl, kartof, tərəvəz və dənli-paxlalı bitkilər qarğıdalı üçün əla sələfdir. Torpaqda buxarlanmanın qarşısını almaq və göyərən alaq otlarını sonrakı becərmələr zamanı məhv etmək məqsədi ilə sələf dənli bitki olan sahələr məhsul yığıldıqdan sonra dərhal 4-6 santimetr dərinlikdə üzdən yumşaldılır. Torpağın üzdən yumşaldılması nəticəsində biokimyəvi proseslər sürətlənir, xəstəlik və ziyanvercilərin azalmasına səbəb olur, su rejimi yaxşılaşır.