1.1.1. Dünyada qarğıdalının əkin sahəsi
Dünya əkinçilik sistemində onun dən üçün becərilən ərazisi 129 milyon hektara bərabərdir. Dünyada qarğıdalı əkinlərinin 23 faizi Amerikanın payına düşür. Bu ölkədə ümumi dən istehsalının 60 faizini qarğıdalı təşkil edir. Braziliyada 12,4 milyon hektara, Hindistanda 5,8 milyon hektara, Argentinada 3,2 milyon hektara bərabər olan qarğıdalı əkinləri ölkəmizdə də özünəməxsus yerlərdən birini tutur. Belə ki, 2000-ci ildə respublikamızda dən üçün əkilən qarğıdalının əkin sahəsi 31 870 hektara, məhsuldarlığı 32.5 s\ha bərabər olmuşdursa, artıq 2015-ci ildə dən üçün qarğıdalının əkin sahəsi 36 909 hektara çatdırılaraq həmin sahələrdə 59.2 s\ha məhsul istehsal olunmuşdur.
1.1.2. Qarğıdalının botaniki təsnifatı
Qarğıdalı taxıllar fəsiləsi, taxılçiçəklilər sırasına, birləpəlilər sinfinin örtülütoxumlular şöbəsinə aid bitkidir.
Qarğıdalının əsas vegetativ və generativ orqanları bunlardır (Şəkil 1.7).
Kök - qarğıdalı saçaqlı kök sisteminə malikdir. Bu bitkinin yan kökləri 1 metr radiusunda torpağın üst qatının 20-30 santimetrində inkişaf edərək yayılır. Bu kök 3 metrədək dərinliyə də gedir (Şəkil 1.8).
Dəstək kökləri - torpaq üstündəki gövdə buğumlarından əmələ gəlir və torpağa doğru inkişaf edir. Dəstək köklər qarğıdalının ağır gövdəsini yatmadan qoruyur və torpağa bərkidir. Bu köklər kətmənlənərək torpaqda basdırılmalıdır (Şəkil 1.9).
Gövdə - silindrik, hündür və qalındır. Sortundan, aqrotexniki qulluqdan asılı olaraq bu bitkinin boyu, buğum sayı fərqli olur. Qarğıdalının gövdəsinin hündürlüyü 50 santimetrdən 4-5 metrə qədər dəyişir. Buğum sayı da boya görə 30-35-dən 8-10 ədədədək dəyişir. Alt buğumlardan dəstək kökləri əmələ gəlir (Şəkil 1.9).