Bu gün dünyada ən yüksək məhsuldarlığa malik, xəstəlik və ziyanvericilərə qarşı dayanıqlı hibrid qarğıdalı istehsalı geniş inkişaf edib. Hibrid qarğıdalı istehsalında öndə gedən ölkələr ABŞ, Fransa və Çindir. Azərbaycana qarğıdalı hibridləri əsasən xarici ölkələrdən idxal olunur, bu isə iqtisadi cəhətdən ölkə büdcəsi üçün əlverişli deyil. Respublikamızda halhazırda geniş əkin sahələri olan çoxlu yerli perspektivli sortlar da var. Bunlara misal olaraq, Zaqatala 68, Zaqatala 514, Xəzər, Mirvari, Zaqatala 420, Zaqatala 360, Yerli yaxşılaşdırılmış, Azərbaycan və s. sortları göstərmək olar. Bu günkü göstəricilərə görə bir hektar üçün tələb olunan toxumun (65-80 min ədəd) qiyməti respublikada 100-120 ABŞ dolları arasında dəyişir. Yerli qarğıdalı sortlarının toxumunun isə 1 kiloqramının bazar qiyməti 0.5-1.50 manata, sütül kimi isə 1 ədədi 0.50-1.00 manata təklif olunur.
1.1. İnkişaf mərhələləri
Qarğıdalı (Zea mays) taxıllar fəsiləsinə aid olan birillik dənli bitkidir. Botaniki adı Zea mays L. Qədim maya dilindən tərcümədə “mays”-“həyat dəni” deməkdir. Onun vətəni Mərkəzi və Cənubi Amerikadır. Ən böyük qarğıdalı rəngarəngliyi məhz Meksikadadır. Burada arxeoloji qazıntılar zamanı qarğıdalının ən qədim tapıntıları aşkar edilmişdir, onların yaşı 4500 ildən 8000 ilədəkdir. Bu gün də Meksikada yabanı formada qarğıdalının əcdadları sayılan və onunla hibridləşən-“teosinte” və “qama”-ya rast gəlmək olar (Şəkil 1.4, Şəkil 1.5). İlk dəfə bu bitkini Xristofor Kolumb 1492-ci ildə Avropaya (İspaniya) gətirmişdir. İlkin vaxtlar onlardan az tapılan bəzək bitkisi kimi istifadə olunmuşdur (Şəkil 1.6). Çox keçmədən Fransa, İtaliya və
Portuqaliyada ondan qiymətli ərzaq və yem bitkisi kimi istifadə edilməyə başlanmışdır. XVI əsrdə isə qarğıdalının yayılma sahəsi genişlənərək Şimali Afrika, Hindistan və Çinə gedib çıxmışdır. Akademik l.l. Dekkarreleviçin fikrincə, XVII əsrin sonunda bu bitki Gürcüstana Cənubi Avropadan gətirilmişdir, oradan isə Azərbaycana inteqrasiya etmişdir. Stavropol Dövlət Arxivində saxlanılan sənədlərə görə Qafqaza qarğıdalı 1834-cü ildə Moldovadan gətirilib. Akademik P.M. Jukovskiy qeyd edib ki, Rusiyaya qarğıdalı məhz Gürcüstandan aparılıb.