1. Dənlik və yemlik (silos) qarğıdalı əkininin iqtisadi səmərəliliyi
Qarğıdalı müasir dünya əkinçiliyinin əsas bitkilərindən biridir. Bu bitki müxtəlif istiqamətli istifadəyə və yüksək məhsuldarlığa malikdir (Şəkil 1.1).
Dünyada istehsal olunan qarğıdalının 73 faizindən heyvanlara yem kimi, yerdə qalan 27 faizindən isə ərzaq üçün istifadə olunur. İnkişaf etməkdə olan ölkələrdə qarğıdalının yem istehsalında 46 faizindən, ərzaq və sənayedə isə 54 faizindən istifadə olunur. İnkişaf etmiş ölkələrdə isə qarğıdalının 90 faizindən yem üçün istifadə edildiyi halda, 10 faizindən ərzaq üçün istifadə olunur. Qarğıdalı dünyada əkin sahəsi və istehsalına görə buğda (232 mln. ha (hektar) əkin sahəsi, 595 mln. ton məhsul) və çəltikdən (146 mln. ha əkin sahəsi, 519 mln. ton məhsul) sonra üçüncü yeri tutur. Dünyada qarğıdalıdan 130 mln. ha sahədə əkilərək 475 mln. ton məhsul yığılır (Şəkil 1.2).
Azərbaycanda torpaq-iqlim şəraiti, xüsusi ilə, günəş enerji balansı bir ildə eyni sahədən iki məhsul alınmasına imkan verir. Qarğıdalı təkrar əkin üçün ideal bitki sayılır. Qaydaya görə eyni bitkinin bir ildə iki dəfə əkilməsinə təkrar əkin deyilir. Respublikamızda taxıl və yem istehsalının artırılmasında başlıca şərtlərdən biri torpaqdan daha səmərəli istifadə edilməsidir ki, bu da əsas etibarı ilə ikinci əkin və ya təkrar əkin hesabına həyata keçirilir. İkinci əkin kimi qarğıdalı taxıl bitkilərinin yığımından sonra sıfır becərmə ilə yığımdan sonra torpaq şumlanmadan (Şəkil 1.3) əkilərək yüksək keyfiyyətə malik silos verir. Bu isə iqtisadi cəhətdən çox səmərəlidir, çünki həm torpaqlardan maksimum istifadə olunur, həm də torpağın təkrar əkinə hazırlanmasına görə əlavə xərclər tələb edilmir.
Coğrafi baxımdan ölkəmiz qarğıdalı bitkisinin becərilməsi üçün əlverişli şəraitə malikdir. Qarğıdalı dəni istehsalının artırılması əksər ölkələrin ərzaq bazasının sabitləşməsinin zəruri şərtlərindən biridir.