Əsas mübarizə tədbirləri:
Raps əkinləri başlamamışdan əvvəl əsas xəstəlik mənbəyi olan toxum materialı funqisidlərlə işlənməlidir. Bunun üçün ən yaxşı vasitə yalançı unlu şeh xəstəliyində olduğu kimi Kruyzer Raps funqisididir.
Preparatla toxum materialı işləndikdən sonra preparatın komponenti toxuma keçir. Bitki inkişafa başladığı müddətdən vegetasiyasının sonuna qədər bitkini xəstəlikdən mühafizə edir. Təsir müddəti bitkinin tarla çıxışından çiçəkləmə müddətinə qədərdir.
Dərmanlama toxum materialını toxumdərmanlayan maşında dərmanla qarışdırılma yolu ilə aparılır.
4.4.4. Rapsın kila xəstəliyi
Biotrof bioloji qrup xəstəliklərindəndir. Xəstəlik göbələk mənşəlidir. Kila xəstəliyinə Avropa, Şimali Afrika, Şimali və Cənubi Amerika, Avstraliya, Yeni Zellandiya, Yaponiya, Havay adalarında rast gəlinir. Xəstəlik köklərdə milşəkilli, şarşəkilli və ya düzgün olmayan şişlər əmələ gətirməklə xarakterizə olunur (Şəkil 4.45). Bunu bitkini torpaqdan çıxardıqda müşahidə etmək olar. Bu xəstəliyi kələm milçəyinin zərəri ilə səhvən dəyərləndirilməsin deyə bir neçə bitki torpaqdan çıxarılıb tədqiq edilməlidir. Kila xəstəliyinə sirayətlənmiş raps bitkisinin kökündə noxud böyüklüyündə şişlər əmələ gəlir. Kələm milçəyi sürfəsi də bitkinin kökünə yerləşəndə analoji şişlər əmələ gəlir. Bunu dəqiqləşdirmək üçün bir neçə kökündən çıxarılmış raps bitkisinin kökündəki həmin şişlər yarılmalı içərisində sürfə olub-olmaması müəyyənləşdirilməlidir. Adətən, rapsın cücərtilərində və 3-5 yarpaq səviyyəsində inkişaf mərhələsində xəstəlik nadir halda müşahidə edilir. Lakin əlverişli şərait yaranan kimi xəstəlik yayılır, bitkilərin yarpaqlarını saraldır, bitki inkişafdan geri qalır və solur. |