Səpindən ilk həqiqi yarpaqların əmələ gəlməsi dövrünə qədər raps əkinlərində bir çox payızlıq və yazlıq alaq bitkiləri əmələ gəlir. Bunların hər ikisi raps əkinlərinə eyni səviyyədə ziyan vurur, baxmayaraq ki, yazlıq alaqların bir çoxu qış soyuqlarına tab gətirmədən məhv olur. Alaq bitkiləri əsas bitkilərin məhsuldarlığını aşağı salmaqla yanaşı, həm də onun məhsulunun keyfiyyətini aşağı salır. Belə ki, alaq bitkiləri torpaqda olan qida maddələrini və rütubəti mənimsəyir və raps əkinlərini zəiflədir. Nəticədə onların inkişafı və böyüməsi ləngiyir, məhsuldarlıq aşağı düşür. Bir çox alaq bitkiləri yaxşı inkişaf etmiş kök sisteminə malikdir. Buna misal olaraq çöl sarmaşığı (Şəkil 4.25), dəvətikanı (Şəkil 4.26), qızılqanqalı (Şəkil 4.27), yovşanı (Şəkil 4.28) göstərmək olar. Belə ki, qızılqanqalın kökü 7 metr, çöl sarmaşığının kökü 3 metr, yovşanın kökü 2 metr, dəvətikanının kökü isə torpağın daha çox dərinliyinə gedir. Alaq bitkiləri öz inkişaf dövründə çoxlu sayda toxum əmələ gətirərək əkin sahələrində yayılır. Rapsın bir buynuz meyvəsində ən çox 25-30 ədəd toxum əmələ gəldiyi halda ağtərə bitkisində 100 min, şorançada 200 min, sirkanda 100 min, şüvərəkdə isə 700 mindən çox toxum əmələ gəlir. Aparılan tədqiqatlara əsasən bir hektar sahənin şumqatında 300 milyondan 3-4 milyarda qədər alaq bitkisi toxumları ola bilər. Bütün bu yuxarıda qeyd olunanları nəzərə alaraq raps əkinlərini onun ilk inkişafından başlayaraq vegetasiyasının sonuna qədər alaq bitkilərinə qarşı bütün lazımi tədbirləri vaxtı-vaxtında həyata keçirmək lazımdır. |