Cərgəaraları 12-15 santimetr olan başdan-başa cərgəli səpində raps bitkisinin səpin normasına uyğun olaraq cərgədəki toxumlararası məsafə 1-1.3 santimetrə yaxın olur (Şəkil 3.30). Bu da cərgələrdə bitkilərin sıx yerləşdirilməsinə səbəb olur. Buna görə də raps əkinlərində bu cür səpin üsulu əvəzinə çarpaz və darcərgəli səpin üsulları tətbiq edilir.
Raps bitkisindən yem məqsədi ilə yaşıl kütlə əldə olunması üçün çarpaz səpin tətbiq edilir (Şəkil 3.31). Çarpaz əkin üsulunda iki dəfə az toxumdan istifadə olunur. Səpiləcək toxum materialının yarısı sahənin uzununa istiqamətdə, ikinci yarısı isə köndələn istiqamətdə səpilir. Nəticədə toxumlar torpağa bir-birilərindən 4-6 santimetr aralıqda düşür. Bu cür səpin nəticəsində bitkilərin qida maddələrindən istifadə etmələri üçün daha yaxşı şərait yaranır.
Tirəli səpin üsulu hazırda bir çox ölkələrdə raps becərilməsi üçün istifadə olunan səpin üsuludur (Şəkil 3.32). Bu səpin üsulunda səpin materialına 20-30 faiz qənaət edilir. Belə səpin üsulu ilə bitkilərə verilən su və qida maddələri bitkilər tərəfindən daha səmərəli mənimsənilir. Tirəli səpin zamanı toxumsəpən torpaqda tirələr açaraq cərgəaraları 15-20 santimetr olmaqla toxumları 3 və ya 4 cərgədə həmin tirələrə müəyyən dərinlikdə səpir. Aqrotexnikanın sonradan bu cür tirələrdə tarla işləri aparması üçün çox səmərəli üsullardan biridir.
Darcərgəli səpin üsulu da raps əkinlərində tətbiq edilir. Bu üsulun əsas özəlliklərindən biri darcərgələrdə inkişaf edərək sıx bitki örtüyü əmələ gətirir. Bu da torpaqda rütubətin buxarlanmasını və alaq bitkilərinin inkişafının qarşısını alır. Raps əkinlərində bu üsuldan istifadə edilərək yaşıl yem kütləsi almaq üçün əkin aparılır.
Gencərgəli səpin üsulu, əsasən, səpindən sonra tədricən cücərən və sortların becərilməsi üçün tətbiq edilən səpin üsuludur. Əsasən, toxum götürmək məqsədi ilə raps becərilməsində istifadə olunur. Bu səpin üsulunda cərgələrarası məsafə 25-30 santimetrdən 60-70 santimetrə qədər olur.
Ümumiyyətlə, darcərgəvi səpin üsuluna görə tarlada iri kəsəklər və parçalar olmamalıdır, ona görə ki, onlar darcərgəli gavahınların (cığıraçan) arasından keçmir. Kəltənli sahələrdə cərgəvi səpinin yalnız diskli gavahınlı aqreqatlarla aparılması mümkündür. Çarpaz səpin perpendikulyar, yaxud kəsişən istiqamətdə cərgəvi səpən aqreqatla səpin normasının yarısı qədər həyata keçirilir. Çarpaz səpinin məqsədi toxumun tarla boyu daha bərabər paylaşdırılmasıdır, çatışmayan cəhəti isə səpinə iki qat əmək və enerji sərfidir. Hər hansı bitkidən daha yüksək məhsul almaq üçün səpin müddətini, səpin üsulunu və səpin normasını, toxumun basdırılma dərinliyini düzgün müəyyən etmək lazımdır.