Raps toxumlarını səpinqabağı dərmanlamaq lazımdır. Bunun üçün müxtəlif tərkibli funqisidlərdən (göbələk xəstəliklərinə qarşı istifadə olunan kimyəvi preparat) istifadə olunur. Dərmanlama zamanı toxumlar tam bərabər şəkildə dərmanlanmalıdır. Funqisidlərlə birlikdə toxumlar onların inkişafında tələb olunan mikro elementlərlə və boy maddələri ilə kombinə olunmuş əlavələrlə də işlənir.
Raps bitkisinin toxumları kiçik olub üzəri nazik mühafizə təbəqəsi ilə örtülüdür. Məhz buna görə də bir çox xəstəlik və zərərvericilər üçün həssas bitki hesab olunur. Hər bir cücərmiş bitkini mühafizə etmək lazımdır ki, o, xəstəlik və zərərvericilər üçün yayılma mənbəyinə çevrilməsin. Bunun üçün raps toxumları səpindən qabaq müxtəlif insektisidlərlə (zərərli həşəratlar əleyhinə tətbiq edilən kimyəvi preparat) və funqisidlərlə (xəstəliktörədən göbələk və bakteriyalar əleyhinə tətbiq edilən kimyəvi preparat) işlənməlidir. Dərmanlama mexanikləşdirilmiş qurğu ilə həyata keçirilir (Şəkil 3.24).
Dərmanlama prosesi quru tozşəkilli kimyəvi preparatlarla və ya maye halında olan kimyəvi preparatlarla toxumların işlənməsindən ibarətdir. Quru dərmanlama prosesində quru tozşəkilli dərman qarışdırıcının dərman bunkerinə tokülür. Toxum da bu ardıcıllıqla toxum bunkerinə əlavə olunur. Toxumla dərman qarışdırıcı kamerada sürətlə fırlanır, toxum dərmanla örtülür.