3.4. Rapsın səpin müddəti
Kənd təsərrüfatı bitkilərinin səpin müddəti hər bir rayonun təbii şəraitinə uyğun olaraq müəyyən edilir. Səpinin vaxtında və yüksək keyfiyyətdə aparılması bütün kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almanın əsas şərtidir. Ən yaxşı və optimal şəraitdə toxumları səpmək səpilən toxumların cücərməsi, bitkilərin böyüməsi və inkişafı, onların bol məhsul verməsi üçün daha əlverişli istilik, rütubət və işıq şəraiti yaratmaq deməkdir. Azərbaycan şəraitində payızlıq dənli bitkilərdən buğda əkininin qurtarması müddəti dağlıq rayonlar üçün sentyabrın 25-dək, aran rayonlarında isə oktyabrın 30-dan müəyyən edilmişdir. Raps bitkisi üçün səpin müddəti region üçün buğda əkinlərindən 20-30 gün qabaq aparılmalıdır. Sentyabr ayının 10 – 20-si aralığında səpin zamanı bitki yağışlara qədər torpaqda cücərtilər əmələ gətirir. Bunun üçün torpaqda olan rütubət kifayət edir. Lakin bitkinin vegetativ orqanlarının formalaşdırılması üçün daha çox rütubətə ehtiyac yaranır. Məhz payız yağışları bunun üçün ən əlverişli şəraitdir. 20-25 noyabra qədər bitkinin yerüstü orqanları 6-8 yarpaqla torpağın səthini örtməlidir. Bitkinin kök diametri 6-12 mm təşkil etməlidir. Raps bitkisinin toxumu
• Yerli şəraitin xüsusiyyətlərindən;
• Hava şəraitindən; • Torpağın aqrokimyəvi xassələrindən; • Torpaqdakı rütubət göstəricilərindən asılı olaraq müəyyən qısa müddətdə torpağa səpilməlidir (Şəkil 3.20, Şəkil 3.21). Vaxtında əkilən raps toxumlarının cücərmə qabiliyyəti yüksək olur. Toxum bərabər dərəcədə cücərir, sürətlə inkişaf edir, həmçinin, torpağın rütubətindən daha səmərəli istifadə edir. |