Hibrid raps bərabər şəkildə inkişaf edir. Xəstəliklərə və zərərvericilərə qarşı davamlı olur. Onların təsirindən əziyyət çəkmədən inkişaf edir. Toxumunu vaxtından qabaq tökmür. Bütün bu üstün cəhətlərlə birlikdə hibrid raps toxumlarının yalnız bir ən böyük qüsuru odur ki, ondan ikinci səpin ilində birinci ildəki kimi məhsul almaq olmur. Hibrid toxum seçilmiş üstün göstəricilərə malik valideyn formaların tozlandırılmasıdır. Bu zaman alınmış birinci nəsil toxumlara hibrid toxumlar deyilir. Bu toxumlar “F” hərfi ilə işarələnir (Şəkil 3.6.). Raps bitkisindən alınmış hibridlərdə bitkilərin kök sistemi olduqca qüvvətlə inkişaf edir, xəstəlik və zərərvericilərin təsirinə məruz qalmır (Şəkil 3.7). Hibridləşmə ikiqat xətlərarası, üçxətli, sortxətli, mürəkkəb formada olur.
İkiqat xətlərarası hibrid iki sadə xətlərarası hibridin bir-biri ilə tozlandırılmasından alınır. İkiqat xətlərarası hibrid yüksək məhsul verir.
Üçxətli hibrid alındıqda ana bitki olaraq sadə xətlərarası hibrid, ata bitki olaraq öz-özünə tozlandırılmış xətlər iştirak edir. Üçxətli hibrid də ikiqat hibrid kimi yüksək məhsuldar olur.
Sortxətli hibrid alındıqda hibridləşdirmədə bir sort və bir də öz-özünə tozlandırılmış xətlər iştirak edir. Sortdan ana bitki kimi öz-özünə tozlandırılmış xətlərdən isə ata bitki kimi istifadə edilir. Sortxətli hibrid almaq üçün bir neçə xətt iştirak edə bilər.
Mürəkkəb hibrid bir neçə öz-özünə tozlanmış xətlərin və ya ikiqat xətlərarası hibridin ikiqat xətlərarası hibridlə hibridləşdirilməsindən alınır. Adətən, bu, bir neçə məhsuldar sadə və ya ikiqat hibridlərin toxumlarının qarışdırılıb səpilməsi yolu ilə alınır.
Bugünkü gündə bir çox xarici şirkətlər var ki, hibrid toxum istehsalı ilə məşğuldur. Bunlardan “Syngenta” şirkətinin istehsal etdiyi “NK Texnik”, “Sİ Marten”, “Tores” hibridləridir. Bununla birlikdə Pioner Xay-Bred rus şirkətinin “Maximus” hibridləri, KWS SAAT SE şirkətinin “Flamingo”, “Eraton”, “Campus” hibridləri, Monsanto şirkətinin “DK Excalibur”, “DK Expower”, “DK Exstorm” hibridlərini misal göstərmək olar.