Bu işlər üçün xüsusi ayrılmış sahələrdə 1 kvadrat metrlik 3 lək hazırlanır. Ləkin səthi kələ-kötürsüz, hamar olmalıdır. Ləklərdə şırımlar 2-3 santimetr dərinliyində cərgə şəklində açılır. Analiz üçün götürülmüş bitki toxumları həmin cərgələrə əkilib üzəriləri nazik torpaq təbəqəsi ilə örtülür. Əkin sahəsinin daima rütubətli olmasına nəzarət edilərsə, 3-5 gün müddətinə artıq cücərtiləri müşahidə etmək olar (Şəkil 3.6, Şəkil 3.7, Şəkil 3.8). Sonra onların cücərməsi və inkişafı müşahidə edilir. Bununla birlikdə xəstəliklərə tutulma və həşəratların zərəri dəyərləndirilir. Bitkinin sort əlamətləri tamamilə inkişaf etdikdən sonra nümunələr nəticəsində sort qiymətləndirilir, onun başqa sort və növlərlə zibillənmə dərəcəsi müəyyənləşdirilir. Bununla sort və ya hibrid açıq sahədə əkin zamanı onun müxtəlif xəstəlik və zərərvericilərə qarşı həssaslığı, gübrə və torpaq mühitinə təlabatı kimi bir çox amillərə olan ehtiyacları barədə təsərrüfatçı və ya fermer qabaqcadan məlumatlı olur və bunun üçün müəyyən hazırlıqlar görür. Bu cür təsərrüfatlarda məhsul itkisi riski olduqca aşağı səviyyədə olur və bu da iqtisadi baxımdan təsərrüfat üçün əlverişli tədbirlərdən biridir. Müxtəlif toxum satan təşkilatlar yuxarıda qeyd olunmuş tədqiqatlar sayəsində öz istehsal etdikləri toxumun keyfiyyəti barədə alıcıya müvafiq sənədlərlə məlumat verməlidir. Alıcı toxum satan təşkilatdan toxuma verilmiş sertifikat, toxumun reproduksiya qabiliyyətini göstərən laboratoriya aktı və sınaq aktı tələb etməlidir. Toxum xarici təşkilat və ya şirkətdən alınıbsa, alıcıya həmin toxum üçün Respublika Fitosanitariya İdarəsi tərəfindən verilmiş müvafiq lisenziyanın nüsxəsi də təqdim edilməlidir. Toxumun səpin keyfiyyəti respublika toxumçuluq idarələri tərəfindən müəyyən edilməklə DÜST-ə görə 12036-81 ilə təyin edilir. Toxum alan da, öz növbəsində, aldığı toxumun müvafiq sənədlərinin surətini toxum satandan toxum alınan zaman götürməlidir.Onu da qeyd etmək lazımdır ki, fermer və ya təsərrüfatçı toxumun xassələrini yoxlamamış əkin apararsa, böyük ziyan görə bilər. |