2.5. Raps əkilən tarlanın səpinə hazırlanması üçün texnika və maşınlar
Torpaqda nəmlik göstəriciləri raps becərilməsi üçün yararlı həddə çatana kimi raps səpini üçün torpaq becərilməlidir. Bunun üçün qabaqca bitkinin növünü müəyyənləşdirmək lazımdır. Əgər tarlada əvvəllər taxıl bitkiləri əkilibsə, bu zaman torpaqda dərin şum aparmağa ehtiyac yoxdur. Bunun üçün qazayaqlı, diskili, vərdənəli aqreqat AKM-4 ilə sahəni iki dəfə keçmək kifayətdir (Şəkil 2.17). Bu aqreqat torpağı lazımi dərinlikdə şumlayır, eyni zamanda dırmıqlayıb xırdalayır. Bundan sonra ən azı 20 gün torpaq işləmələri dayandırılmalıdır. Raps əkinindən qabaq sonuncu dəfə kultivasiya işləri aparılır. 20 gün ərzində çıxmış alaq bitkiləri və torpaqda qalmış bitki qalıqları bu kultivasiya ilə sahədən kənarlaşdırılır. Bunun üçün BZSS-1.0 dırmığından istifadə olunur (Şəkil 2.18). Qurğu traktorun aqreqat qoşqusuna qoşularaq sahəni bir neçə dəfə keçir. Bu zaman həm torpaqda qalan bitkilər, həm də kiçik kəsəklər dağılır, torpaq tam yumşaldılmış olur. Bu cür torpaqda səpin aparılan zaman toxum torpaqla daha sıx təmasda olaraq tez cücərib inkişaf edir. |
Səpinqabağı kultivasiya ilə birlikdə raps əkiləcək sahəyə 60-90 kiloqram azot gübrəsi və herbisid çilənir.
Yazlıq raps erkən səpilir. Alaqlı sahələrdə səpin bir qədər gec aparılır. Belə sahələrdə əvvəlcə kultivasiya aparılır. Çıxan alaqlar və yad bitki cücərtiləri məhv edilir. Bundan sonra herbisid çilənir.