Torpaqda şumlama işləri torpağın rütubətliliyindən asılı olaraq başlanır. Torpağın rütubəti, temperaturu və pH səviyyəsinin göstəricilərinə əsasən şum işləri aparılır (Şəkil 2.13). Quru-gilli torpaqların şumlanması iri kəsəkli səth alınmasına səbəb olur. Rütubətliliyi çox olan torpaqlar şumlama zamanı kotana yapışır, sıxlaşır və tez-tez kəsəklər əmələ gətirir. Şorakətli torpaqları istər quru və istərsə də nəm vəziyyətdə becərmək çətin olur. Vaxtsız becərmə torpağın fiziki xassələrini pisləşdirir. Müxtəlif torpaqlar yazda eyni vaxtda becərilmək üçün yetişdirilmir. Nisbətən yüngül qranulometrik tərkibə malik torpaqlar becərilmək üçün tez hazır olur, ağır qranulometrik tərkibli torpaqlar isə gec yetişir. Bununla əlaqədar yazda torpaqlar onun yetişmə dərəcəsinə görə dəyərləndirilərək becərilir. Torpaqda rütubətlilik, tam rütubət tutumunun 40-dan 60 faizə qədərini təşkil etdikdə şumlamağa başlamaq lazımdır.
2.4. Torpaqların şumlanması
Tarla şumlanmadan əvvəl uzun və ensiz (60 metrədək) zolaqlara bölünür. Hər bir zolaq ya içəridən yanlara, ya da yanlardan içəriyə doğru şumlanır. İçəridən yanlara doğru şumlanmaya zolağın ortasından başlanılır. Kotan zolağın donüş yerinə çatdıqda torpaqdan çıxarılır və dönüş yerində kotan sağ tərəfə boş hərəkət etdirilir. Kotanın ikinci şırımı qayıdış gedişi zamanı birinci şırımın yanına düşür. Bunun nəticəsində zolağın ortasında tirə əmələ gəlir. Yanlardan içəriyə doğru şumlandıqda kotanın birinci gedişi zolağın sağ tərəfindən başlanır. Kotan zolağın dönüş yerinə çatdıqdan sonra şırımdan çıxarılır və dönüş zolağında kotan sol tərəfə boş hərəkət etdirilir (Şəkil 2.14). Kotanın ikinci şırımı qayıdış gedişi zamanı zolağın sol kənarına düşür. Bu qayda ilə kotanla sağa və sola şırım açılaraq zolağın ortasına doğru şumlanır. Kotanın axırıncı gedişində zolağın ortasında dərin şırım əmələ gəlir. Zolaqların şumlanması qurtardıqdan sonra dönüş yerləri ayrıca şumlanır. Şumlamada zolağın ortasında əmələ gələn tirələri və dərin şumları azaltmaq məqsədi ilə tarlanın birinci və üçüncü zolaqları içəridən yanlara, ikinci və dördüncü zolaqları isə yanlardan içəriyə doğru şumlanmalıdır. Bu qayda ilə içəridən yanlara şumlama üsulu, yanlardan içəriyə doğru şumlama üsulu ilə növbələşdirilir. |