Göstərilən qalıqlar torpaqda yaşayan canlılar tərəfindən mənimsənilməklə və çürüdülməklə yenidən bitkilərə lazım olan üzvi maddələrə çevrilərək humus balansı nizamlanır. Becərilən bitkilərin məhsulu yığıldıqdan sonra kök və kövşən qalıqlarının şumlanaraq torpağa qarışdırılması torpağın su-fiziki və kimyəvi xassələrinin yaxşılaşdırılmasına, torpağın münbitləşdirilməsinə, sağlam və keyfiyyətli bitkilər alınmasına səbəb olur.
Raps bitkisini növbəli əkində rapsdan, kələmdən, turpdan, çuğundurdan və günəbaxandan sonra əkmək olmaz. Həmin bitkilərin ümumi xəstəlik və zərərvercilərlə sirayətlənməsi ehtimalı çox olur. Eyni zamanda torpaq mühitində də bu zərərvericilər artır. Bu bitkilərdən sonra raps bitkisini ən azı 4 ildən sonra əkmək məsləhətdir. Raps aqrotexniki baxımdan taxıllar üçün ən əlverişli növbəli əkin bitkisidir. Onun kök sistemi torpağı dərin qatlara qədər yumşaldır, torpağın aqrofiziki xassələrini yaxşılaşdırır. Taxılların rapsdan sonra becərilməsi əlavə xərclər tələb etmədən 1 hektardan 5-6 sentnerdən artıq məhsul götürməyə imkan yaradır.
2.3. Torpağın səpinə hazırlanması
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və torpaq münbitliyinin qorunub saxlanmasında əkin dövriyyəsində bitkilərin düzgün növbələşdirilməsinin mühüm əhəmiyyəti vardır. Əkin dövriyyəsinin özü kompleks aqrotexniki tədbirləri: torpağın becərilməsi, gübrələnməsi, münbitliyinin yüksəldilməsi və eroziyadan qorunması, alaq bitkilərinə qarşı mübarizəni, mədəni bitkilərin xəstəlik və zərərvericilərdən qorunmasını bütövlükdə həyata keçirir. Məhz buna görə də raps bitkisi üçün ayrılmış torpaq sahəsi aqronomik qaydalara diqqətlə əməl edilərək vaxtında becərilməli və səpinə hazırlanmalıdır. Torpağın becərilməsi mexaniki üsulla və aqronomik qaydalarla həyata keçirilir. Torpaq becərilməsi zamanı onun texnoloji xassələri dəyişir (Şəkil 2.12). Torpağın texnoloji xassələri aşağıdakılardır:
|