9.4.8. Günəbaxanın ağ çürüməsi
Xəstəlik göbələk mənşəlidir. Dünyanın günəbaxan becərilən bütün rayonlarında geniş yayılmışdır. Rusiyanın Qaratorpaq zonası, Şimali Qafqaz, Ukrayna və Moldovada ağ çürümə tez-tez epifitotiya formasında (10 ildə 3-4 dəfə) inkişaf edir. Göbələk günəbaxan bitkisinin bütün hissələrinə - kök, gövdənin kökə yaxın hissəsi, gövdə, yarpaqlar və səbətlərə yoluxur (Şəkil 9.64). Cavan bitki 6 cüt yarpaq əmələ gətirənə qədər bütün orqanları, gövdə, yarpaqlarda ağ torvari örtüklər əmələ gətirir. Xəstəlik gövdənin daxilinə keçərək ağ pambıq şəklində dalğalı törəmələr əmələ gətirir. Yarpaq saplaqlarında əmələ gəlmiş ağ törəmələr saplağın daxilinə keçərək yarpağın qurumasına səbəb olur. Kök və gövdə arasındakı sərhəddə selikli ağ törəmələr əmələ gəlir. Bir müddətdən sonra buğumların içərisinə keçən xəstəlik gövdənin qırılması ilə nəticələnir. Bitkinin səbət altında tünd-qəhvəyi ləkələr əmələ gətirərək özünü göstərir. Səbətaltı toxuma nəmlənir və yumşalır. Az təzyiq edən zaman deşilir. Tünd-qəhvəyi ləkələr qısa müddət ərzində genişlənərək səbəti tam əhatə edir. Günəbaxanın çiçəklənməsinə qədər xəstəlik tək hallarda müşahidə edilir. Yoluxmuş toxumanın daxilində, nadir hallarda isə səthində kip qara sklerosiyalar (çürümələr) formalaşır. Bu, günəbaxanın ağ çürümə xəstəliyinin xarakterik əlamətidir. |
Havanın nisbi rütubəti 100 faiz və temperaturu 15-22°C olduqda xəstəlik epifitotiya həddində yüksək sürətlə inkişaf edir.
Bəzi ədəbiyyat mənbələri göstərir ki, günəbaxanın ağ çürümə xəstəliyi epifitotiya şəklində inkişaf etdikdə məhsul itkisi 60 faizi üstələyir. Xəstəliyin ən təhlükəli forması səbətlərin yoluxmasıdır.
Mübarizə tədbirləri:
Xəstəliklə mübarizədə davamlı sortlardan istifadə, növbəli əkin sisteminə əməl edilməsi vacibdir. Toxumlar səpinqabağı dərmanlanmalıdır.