Hazırda da xəstəlik Ukrayna, Moldova və Rusiyada daha geniş yayılmışdır. Ədəbiyyat məlumatlarına görə xəstəliyin mənbələri cənubi Ural və Orenburq vilayətlərində əmələ gəlmişdir. Günəbaxanın alt yarpaqlarının xəstəliktörədici ilə sirayətlənməsi 4-12 ədəd həqiqi yarpaq fazasında baş verir, sonra onlar gövdə (Şəkil 9.59) və toxumalarla səbətə sirayətlənir (Şəkil 9.60). Yoluxmuş əkin toxumlarından xəstəlik qönçələmə fazasına qədər tək-tək (1 faizdən az) əmələ gəlir və müəyyən zamandan sonra artır (maksimum 10 faiz). Günəbaxanın zərərverici ilə yoluxması çiçəkləmə dövrü və bir az sonra baş verir. Xəstəlik gövdə və səbətə keçəndən sonra həssas bitkilərdə şəffaf qonur ləkələr, davamlılarda isə məhdud tünd nekrozlar formalaşdırır. Xəstəlik ən güclü zərəri günəbaxanın həssas gövdələrinə vurur, onları sındırır və ya yarpaqları tam qurudur. Bu halda xəstəliyin bioloji zərərvermə həddi 4-5 faiz təşkil edir. Xəstəliktörədici geniş temperatur həddində 5-30°C inkişaf edir və böyüyür. Uzun illər bu xəstəlik tədqiqatçı alimlərin diqqətindən kənarda qaldığından xəstəliktörədici öz arealını genişləndirmiş və müvafiq olaraq zərərvermə də artmışdır. Son illər bu xəstəlik daha yüksək iqtisadi zərərlə xarakterizə olunur. Ədəbiyyat məlumatlarında göstərilir ki, günəbaxan gövdələrinin boz ləkəlilik xəstəliyi intensiv inkişaf edən zaman məhsul itkisi 46-50 faiz və ya daha çox olur. Mübarizə tədbirləri: |
Xəstəliklə mübarizədə davamlı sortlardan istifadə, növbəli əkin sisteminə əməl edilməsi vacibdir. Toxumlar səpinqabağı dərmanlanmalıdır. Bunun üçün toxumlar 80 faizli TMTD (2-3 kiloqram/t), 65 faizli fentiuran (200 kiloqram/t) və ya 35 faizli apron (6 kiloqram/t) preparatlarından biri ilə nəmləndirilməklə (5-10 litr su 1 ton toxuma) dərmanlanır (Şəkil 9.53; Şəkil 9.61). Bu zaman yapışdırıcılardan istifadə dərmanlamanın keyfiyyətini yüksəldir. Yapışdırıcı kimi maye bardan (0.7-1 kiloqram/ton) və ya silikat yapışdırıcısından (150-200 qram/ton) istifadə edilir.