9.2.5. Kükürd tərkibli gübrələr
Kükürd elementi də bitkinin həyatında böyük rola malikdir (Şəkil 9.24). Kükürd digər kənd təsərrüfatı bitkilərində olduğu kimi günəbaxan üçün də azot və fosfordan sonra üçüncü qida elementi hesab edilir. Kükürd toxumda yağın və vitaminlərin əmələ gəlməsində iştirak edən elementdir. Bitkilərin tənəffüs prosesində iştirak edir. Kükürdün çatışmazlığından bitkilərin böyüməsi və inkişafı zəifləyir. Günəbaxanda kükürd çatışmazlığı bitkinin yuxarı orqanlarında özünü büruzə verir. Yuxarı yarpaqlarda xlorozlar əmələ gəlir. Qalan yarpaqlar isə açıq-yaşıl rəng alır. Vaxtında tədbir görülməsə, yarpaqlar üzərində tünd-yaşıl yanıq lakələrinə bənzər xaotik izlər əmələ gəlir. Bu simptomlar unlu şeh xəstəliyi simptomlarına bənzəyir. Lakin vaxtında gübrə verilməsi ilə simptomlar aradan qalxır. Kükürd və kalsiumun bitkilər üçün böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, bunlar ayrılıqda gübrə kimi bitkiyə verilmir. Bu elementlər müxtəlif gübrə komponentləri tərkibində kompleks şəklində tətbiq edilir. Belə kompleks gübrələrdən biri də diamofoska gübrəsidir (Şəkil 9.25). Bu gübrənin tərkibində kalsium, maqnezium, dəmir, sink, kükürd və s. bitki üçün vacib elementlər var.
9.2.6. Üzvi gübrələr
Üzvi gübrələr azot, fosfor, kalium, kalsium, maqnezium, kükürd, dəmir və s. kimi elementlərlə zəngindir. Üzvi gübrələr torpağın fiziki vəziyyətini, onun su-hava rejimini yaxşılaşdırır. Bu həm də torpaqda olan əhəmiyyətli orqanizmlər üçün əsas qida mənbəyidir. Torpağın çürüntü hissəsi və onun münbitliyi üzvi gübrələr hesabına artır. Peyin (Şəkil 9.26), peyin şirəsi (Şəkil 9.27), kompost (Şəkil 9.28), torf (Şəkil 9.29) və s. üzvi gübrələr hesab olunur. Bu gübrələrin torpaqda təsiri 4-5 il müddətində qalır. |