9.2.4. Kalsium gübrələri
Kalsium bitkilərdə müxtəlif elementlərin dövriyyəsi üçün vacib gübrələrdən biridir (Şəkil 9.22). Bitki toxumları cücərməyə başlayan kimi bitkinin bütün vegetasiya müddətində kalsiuma olan tələbatı böyük olur. Kalsium çatışmadıqda bitkinin cücərtilərinin inkişafı ləngiyir (Şəkil 9.23). Zəif şoranlaşmış torpaqda natriumun azlığı, yaxud da maqneziumun çoxluğu turş torpaqlarda hidrogen, dəmir və manqan elementlərinin normadan çox olması bitkilərə mənfi təsir edir. Kalsium isə bu elementlərin zərərli təsirini zəiflədir. Kalsium verilməsi zamanı torpağın bioloji fəaliyyəti yüksəlir, bununla da torpağın strukturu yaxşılaşır, gilli torpaqların səthə qalxması dayanır, torpağın aerasiyası (aerasiya - torpağın hava ilə təmin olunması, torpaqda hava mübadiləsi) yüksəlir. Kalsium bitkinin ən çox yarpaqlarında, gövdəsində toplanır. Kalsium çatışmazlığı bitkinin yuxarı orqanlarında daha çox özünü büruzə verir. Yuxarı yarpaqlar ağımtıl rəng alır, qırışlanır. Qırışmalar yarpaqları sıxıb formasını dəyişir. Yarpaqlar yanlardan aşağıya doğru qatlanır. Gövdənin ucu isə soluxaraq əyilir. Vaxtında tədbir görülməsə, yarpaqlar bürünc rəng alır və xlorozlar əmələ gəlir. Yarpaqlar qurumağa başlayır. Kalsium çatışmazlığı vaxtında aradan qaldırılmasa, bitkinin gövdəsi yuxarıdan çürüməyə başlayır. |