9.2.2. Fosfor gübrələri
Digər kənd təsərrüfatı bitkilərinə nisbətən günəbaxan fosforu az mənimsəyir (Şəkil 9.18). 1 ton məhsulun alınması üçün günəbaxan 1 hektar torpaqdan 27 kiloqram fosfor mənimsəyir. Fosfor çatışmazlığı bitkinin aşağı yarpaqlarında özünü daha tez büruzə verir (Şəkil 9.19). Yarpaqda tünd-boz rəngli xlorozlar əmələ gəlir. Bəzən fosfor çatışmazlığı yarpaqlarda damarların ətrafı boyunca quruyan nöqtələrin əmələ gəlməsi ilə müşayiət olunur. Bitkinin çiçəkləməyə qədər olan inkişaf dövründə fosfor bitkinin çiçək səbəti dibində və gövdəsində toplanır. Toxum əmələ gətirəndə isə ordan toxumlara keçir. Toxumda 75 faiz fosfor toplanır. Məhsul yığımında toxum tərkibində olan fosfor tarla torpaqlarından çıxarılmış fosfor hesab olunur. Ona görə günəbaxandan sonra tarlaya əkiləcək bitki əkinindən qabaq torpağa fosfor gübrəsi verilsə, daha məqsədəuyğun olar. Fosfor torpağın tərkibinin analizi nəticələrinə əsasən verilir. Bir hektara 60-70 kiloqram gübrə normasında fosfor təyin edilir. Bu gübrə normasının iki hissəyə ayırılıb verilməsi daha məqsədəuyğundur. Fosfor gübrə normasının birinci hissəsini ya toxumla, ya da toxum torpağa səpildikdən sonra rütubətli torpağa verilir. Digər yarısı isə bitki səbət əmələ gətirməyə başlamadan verilməlidir. Fosfor çatışmazlığında bitkidə toxum əmələ gəlməsi ləngiyir. Bitki yarpaqlarında əmələ gəlmiş xlorozlar artır. Günəbaxanın bir çox xəstəliklərə davamlılığı azalır. |