Günəbaxan əkini havalar isinən kimi yaz aylarının əvvəlində aparılır. Fevral ayından başlayaraq mart ayının əvvələrinə qədər səpin aparmaq olar. Günəbaxan, əsasən, sıxyuva üsulu ilə əkilir. Bunun üçün toxumsəpən cərgə ilə toxumları müvafiq məsafə ardıcıllığı ilə cərgəyə səpir.
Günəbaxanın səpin müddəti hava şəraitindən asılı olaraq aparılır. Torpağın becərilən qatında temperatur 5-7°C olduqda artıq səpinə hazırlaşmaq lazımdır. Torpaq qatında temperatur 8-12°C olduqda səpin aparılır.
Səpin norması sortun və ya hibridin bioloji xüsusiyyətləri, torpaq-iqlim şəraiti, torpağın aqrotexniki qaydalarla becərilməsindən asılıdır. Günəbaxan bitkisinin səpin normasına təsir edən aşağıdakı faktorlar vardır (Şəkil 8.29).
Səpin sahəsi: səpin norması sahənin torpaq-iqlim şəraitinə görə müəyyənləşdirilir, buna görə də bitkinin səpin norması təyin edilməlidir, yaxşı sağlam gövdəli bitki yetişdirilməsi üçün səpin normasının həddindən artıq götürülməsi olmaz.
Toxum yatağı, səpin üçün tətbiq olunan texnika və qurğular: əlverişli səpin şəraitində və keyfiyyətli texnika və qurğulardan istifadə edilməklə normaya uyğun bitki sıxlığı ilə səpin aparılması məhsuldarlığa müsbət təsir göstərir,
Səpin zamanı hava şəraitinin əlverişli olması: səpin dövründə hava şəraiti nə qədər əlverişli (küləksiz, yağıntısız, torpaq rütubətinin həddindən çox olması) olarsa, səpin normasını azaltmaqla optimal bitki sıxlığı əldə etmək olar.
Səpində toxum materialının hibrid və sort olmasından asılı olaraq: hibrid əkinlərdə torpaq-iqlim şəraiti və hibrid materialın səpin norması göstəriciləri nəzərə alınmaqla səpin norması 15-20 faiz azaldıla bilər. Hibrid günəbaxan üçün optimal səpin şəraitində fevral və mart ayının əvvələrinə doğru ideal səpin normasında 1 metr sahədən 2-3 bitki çıxışı, keyfiyyətli sortlar üçün isə 1 metrdən 3-4 bitki çıxışı alınır.
Səpin müddətindən asılı olaraq: səpin müddətindən asılı olaraq səpin norması artırılıb-azaldılmalıdır. Gec səpinlərdə səpin norması artırılmalı, optimal səpin müddətində isə normal səpin norması ilə səpin aparmaq lazımdır.
Günəbaxan sortlarının optimal səpin norması 1 metrə 2-3 bitki təşkil etməlidir. Bu, torpağın məhsuldarlığından, səpin vaxtından və qabaq bitkidən asılı olaraq 1 hektara 40-50 min bitki deməkdir. Hibrid günəbaxan üçün bu torpağın münbitliyindən və səpin müddətindən asılı olaraq 1 hektara 65-70 min bitki deməkdir.