Yaxşılaşdırılmış zelyonka 368 - Serbiya mənşəli sortdur. 1 hektar sahədə 28.2-34.5 sentner dən verir. Yağlılığı 51.8–54 faizdir. Hektardan 13.2-16.8 sentner yağ almaq mümkündür. Bitkinin boyu orta hesabla 170 santimetr, vegetasiya müddəti 90-105 gündür. Orta yetişən, günəbaxan güvəsinə və vertisilium soluxmasına davamlı sortdur.
Kazio - Fransa mənşəli sortdur. Azərbaycanda 2002-ci ildən rayonlaşdırılıb. Bitkinin hündürlüyü 153 santimetr, 1000 ədəd dənin kütləsi 559 qram, xüsusi çəkisi 385 qram, tumunda yağın miqdarı 40.6 faiz, zülalın miqdarı 19 faizdir. Bu sort orta tez yetişəndir. Vegetasiya müddəti 120 gündür. Xəstəliklərə qarşı orta davamlıdır.
Bunlardan başqa, günəbaxanın mayak, pervenes, yaxşılaşdırılmış qabaqcıl, proqres, yaxşılaşdırılmış santimetrena, start, yubiley 60, yaxşılaşdırılmış VNİİMK (ВНИИМК)-8883, vosxod, zarya, zenit, poçin, armavirli, nadyojnıy, salyut və s. sortları da vardır.
Son zamanlar yüksək məhsul alınması üçün hibrid günəbaxandan istifadə olunur (Şəkil 8.24). Hibrid toxum iki sortun üstün göstəricilərinin övlad bitkiyə ötürülməsi ilə əldə olunmuş toxumlardır. Hibrid necə əldə olunur? Bu sualın cavabını günəbaxan üzərində izah edək.
İki sort günəbaxan götürülür. Bunlardan biri xəstəliklərə davamlı, lakin məhsuldarlığı aşağıdır. Digəri isə məhsuldarlığı yüksək, xəstəliklərə isə davamsızdır. Bunlar valideyn formalar adlandırılır. Məqsəd həm məhsuldarlığı yüksək, həm də xəstəliklərə davamlı sort yaratmaqdır. Bu valideynlərin hər birində həm dişi həm də erkək cinsiyyət orqanları mövcuddur. Bunlardan dişi cinsiyyət orqanları dişicik, erkək cinsiyyət orqanları isə erkəkcik adlandırılır. Dişicik cinsiyyət orqanı yumurta hüceyrələri formalaşdırır, erkəkcik isə tozcuq hazırlayır. Bu orqanların hər birində valideynlərə xas əlamətlər saxlanmaqdadır. Bu əlamətlərdən bizə vacibi məhsuldarlıq və digəri isə xəstəliyə davamlılıqdır. Bu əlamətlərin bir bitkidə cəmlənməsi üçün onların birində dişiciklər, digərində isə erkəkciklər fəaliyyətdən kənarlaşdırılır. Nəticədə bir bitkinin çiçəklərində yalnız dişicik, digərində isə yalnız erkəkciklər qalır. Hibridləşdirmə zamanı bu bitkilərin birinin erkəkciyində əmələ gəlmiş tozcuqlar digər bitkinin dişiciyinə keçirilir. Nəticədə bundan alınmış toxumlar iki valideyn formaların bizə lazım olan üstünlüklərini qazanmış olur. Bundan alınmış bitki hibrid bitki adlanır. |