Bu işlər üçün xüsusi ayrılmış sahələrdə 1 kvadrat metrlik 3 lək hazırlanır. Ləkin səthi kələ kötürsüz, hamar olmalıdır. Ləklərdə şırımlar 2-3 santimetr dərinliyində cərgələr açılır. Analiz üçün götürülmüş bitki toxumları həmin cərgələrə əkilib üzəri nazik torpaq təbəqəsi ilə örtülür. Əkin sahəsinin daima rütubətli olmasına nəzarət edilərsə, 3-5 gün müddətinə artıq cücərtiləri müşahidə etmək olar (Şəkil 8.16, Şəkil 8.17, Şəkil 8.18). Sonra onların cücərməsi və inkişafı müşahidə edilir. Bununla birlikdə xəstəliklərə tutulma və həşəratların zərəri dəyərləndirilir. Bitkinin sort əlamətləri tamamilə inkişaf etdikdən sonra nümunələr nəticəsində sort qiymətləndirilir, onun başqa sort və növlərlə zibillənmə dərəcəsi müəyyənləşdirilir. Sort və ya hibrid toxumların bu üsulla əkini zamanı onun müxtəlif xəstəlik və zərərvericilərə həssaslığı gübrə və torpaq mühitinə təlabatı kimi bir çox amillərə olan ehtiyacları barədə təsərrüfatçı və ya fermer qabaqcadan məlumatlanır və bunun üçün müəyyən hazırlıqlar edir. Bu cür təsərrüfatlarda məhsul itkisi riski olduqca aşağı səviyyədə olur ki, bu da iqtisadi baxımdan təsərrüfat üçün əlverişli tədbirlərdən biridir. Onu da qeyd etmək lazımdır ki, fermer və ya təsərrüfatçı toxumun xassələrini yoxlatmamış əkin apararsa, böyük ziyan çəkə bilər.
8.2.1. Günəbaxan toxumlarının keyfiyyətinə qoyulan tələblər
Günəbaxan sortlarının xarakteristikası digər kənd təsərrüfatı bitkilərində olduğu kimi eynidir. Bunlar aşağıdakı kimi izah edilir. Eyni növ mədəni bitkiyə aid olan, məhsuldarlığı, morfo-fizoloji əlaqələri, təsərrüfat göstəriciləri və dözümlülüyünə görə səciyyələnən bitki qrupuna sort deyilir. Sortun aşağıdakı kriteriyaları vardır: |