Şəkil 8.14. Günəbaxan toxumlarının cücərmə qabiliyyətinin təyini
Şəkil 8.15. Cücərmiş toxumlar
Sonra toxumlar xətkeşlə diaqonal xətt üzrə 4 hissəyə bölünür və qarşı-qarşıya duran iki üçbucaq götürülərək
qalan iki hissə qarışdırılır (Şəkil 8.13). Bundan sonra qarşı-qarşıya duran üçbucağın toxumları bir yerə
tökülür və sonradan toxumun təmizliyini və cücərmə qabiliyyətini təyin etmək üçün nümunə kisələrə
doldurulur. Toxumun rütubətliliyi və anbar zərərvericilərinin yoluxma səviyyəsi də bu nümunələr üzərində
təyin edilir. Günəbaxan toxum nümunələrinin cücərmə faizini müəyyən etmək üçün şüşə petri fincanlarına nəm
süzgəc kağızı salınır. Üzərinə distillə olunmuş su əlavə edilib 24 saat otaq temperaturunda saxlanılır.
Bundan sonra analiz edilməsi üçün götürülmüş günəbaxan toxumlarından 50 ədəd sayaraq petri fincanlarının
içərisindəki süzgəc kağızının üzərinə bərabər səth boyu düzülür. 5-6 gündən sonra çıxmış cücərtilər sayılır
(Şəkil 8.14). Toxumlar cücərdildikdə onlar döşənək üzərində bir-birindən 0.5-1.5 santimetr aralı məsafədə
yerləşdirilir. Əgər petri fincanında cücərtilərin 90 faizi cücərti əmələ gətiribsə, bu toxum birinci sinif
toxum kimi dəyərləndirilir (Şəkil 8.15). Bundan daha dəqiq nəticə almaq üçün hər bir təcrübəni 4 təkrarda
aparmaq lazımdır.
Günəbaxan toxumlarının cücərmə qabiliyyəti, sort, növ qarışığını yoxlamaq üçün laboratoriya şəraitindən
başqa, açıq torpaq-çöl şəraitində səpin üsulundan da istifadə edilə bilər. Bu üsulla həyata keçirilmiş
təcrübə təbii səpin şəraitinə daha yaxın üsuldur. Yəni laboratoriya şəraitində tam steril (steril -
bitki üçün müxtəlif xəstəliktörədən bakteriya və göbələklərdən təmizlənmiş şərait) şəraitdə əkin
aparılır. Torpaqda əkin zamanı bitki bütün təbii amillərin təsirinə məruz qalır. Bu üsulla bitkinin
cücərmə faizi ilə birlikdə onun ilkin inkişaf fazalarında xəstəlik və zərərvericilərlə sirayətlənmə
(sirayətlənmə - bitkinin xəstəliyə tutulması, xəstələnməsi) faizi və onların əleyhinə hansı kimyəvi
preparatların daha effektiv olması müəyyənləşdirilir. Bununla həm də hansı gübrə vasitələrinin daha
əhəmiyyətli olması və həmin gübrə vasitələrinin normaları barədə məlumat toplamaq mümkündür. Həm bu
üsulla daha çox toxum materialı tədqiq edilir. Bununla torpaqda əmələ gələn cücərtilərin sort, növ
qarışığı və cücərmə qabiliyyəti yoxlanılıb dəyərləndirilir. Bu üsulla həm sort toxum, həm də hibrid
toxum tədqiq edilə bilər.