Rapsın yaşıl kütləsindəki qida maddələrinin heyvanlar tərəfindən həzm olunma qabiliyyəti digər yem bitkiləri ilə müqayisədə xeyli yüksəkdir. Ondan alınmış jmıx və şrotun tərkibində (şrot-yağlı bitkilərin, əsasən, raps və günəbaxan kimi bitkilərin yağ emalından sonra qalmış qalığından hazırlanan və kənd təsərrüfatı heyvanları üçün yüksək kalorisi olan yem növüdür) 40 faizə yaxın zülal vardır. Hesablamalar göstərir ki, bir baş qaramalın gündəlik yem rasionunda rapsın yaşıl kütləsinin payı aşağıdakı kimidir:
• Sağmal inəklərdə 20-25 kiloqram;
• Otarma şəraitində 15-20 kiloqram; • 1 yaşından yuxarı düyələrdə 10-15 kiloqram; • 1 yaşa kimi buzovlarda 6-10 kiloqram; • Kökəltmədə olan iribuynuzlu qaramalda 25-30 kiloqram; • Yaşlı qoyunlarda 3-4 kiloqram; • Quşlarda 1-1.5 kiloqram; • Ana donuzlarda 2-3 kiloqram və kökəltmədə olan donuzlarda 1.5-2 kiloqram. Rapsın gövdəsi olduqca zərif olub tərkibində 2.7 faiz sellüloza və 84-89 faiz su vardır. Ondan hazırlanmış yemin nəmliyini nizamlamaq məqsədilə 1.5-2 kiloqram quru ot, küləş, briket, üyüdülmüş ot qatmaq lazımdır. Rapsın yaşıl kütləsindən hazırlanmış silos qarğıdalı, günəbaxan və s. bitkilərdən tərkibindəki xam proteinin miqdarının çoxluğuna görə fərqlənir. Rapsın toxumundan (Şəkil 1.3) xalq təsərrüfatının müxtəlif sahələrində (yağ-piy, sabunbişirmə, aşılayıcı maddələr və s.) geniş istifadə edilir (Şəkil 1.4). Bu bitkinin toxumlarından emal edilmiş yağ ərzaq yağı kimi geniş istifadə olunmaqdadır (Şəkil 1.4). |
Respublikanın fermer təsərrüfatlarında raps əkinlərinə çox az rast gəlmək olar. 1993-cü ilə kimi Abşeron, Sabirabad, Saatlı, Şəmkir, Qazax, Şəki, Qobustan və s. bölgələrdə raps bitkisinin hər hektarından 200-400 sentner yaşıl yem əldə edilirdi. Onun ümumi əkin sahəsi 3 min hektara çatırdı. Lakin sonralar bu bitkinin becərilməsi tamamilə azalıb, demək olar ki, yoxdur. Yalnız Azərbaycan Əkinçilik Elmi Tədqiqat İnstitutunun təcrübə stansiyalarında yem bitkiləri tərkibində öyrənilir.