Bütün bu tədbirlər günəbaxan becəriləcək torpaqların fiziki-kimyəvi tərkibindən asılı olaraq aparılmalıdır. Bunun üçün sahənin müvafiq hissələrindən torpaq nümunələri götürülməli və fiziki-kimyəvi xassələr analiz edilməlidir.
7.4. Günəbaxan əkilən tarlanın səpinə hazırlanması üçün texnika və maşınlar
Günəbaxan əkinləri müxtəlif kotanlar və qoşqularla həyata keçirilir. Torpağın hazırlanması sələf bitkidən, torpağın fiziki-kimyəvi tərkibindən asılı olaraq aparılır. Torpaqda qanqal, sarmaşıq kimi çoxillik alaq bitkiləri ilə çirklənmə çoxdursa, torpaq laylarla mərhələli şəkildə hazırlanır. İlk növbədə, diskili kotanlarla (LDQ-15 (Şəkil 7.17), BD-10 (Şəkil 7.18)) torpaq sahəsi 6–8 santimetr dərinlikdə şumlanır. Bu zaman torpaqda əmlə gəlmiş yeni alaq bitkiləri məhv edilir və torpaqdakı sələf bitki qalıqları doğranıb torpağa qarışır. Bundan 2 həftə sonra torpaqda şum işləri 10-12 santimetr torpaq dərinliyində asma kotanlarla (PPL 10-25) və ya qazayağı kotanlarla həyata keçirilir. Əgər tarlada sentyabr ayının axırlarına və oktyabr ayının ortalarına qədər çoxillik alaq bitkilərinin çıxışı kütləvi olarsa, bu zaman yenidən torpaq 25-27 santimetr dərinliyində şumlanır (Şəkil 7.19). Yaz qabağı torpaq vərdənəli mala qoşqusu ilə hamarlanır, yeni əmələ gəlmiş alaq bitkiləri məhv edilir. Torpaqda aparılan şum işləri onun kimyəvi göstəricilərindən asılı olaraq üzvi və ya mineral gübrələrin verilməsi ilə müşayiət edilərsə, bu, əkinlər üçün daha əlverişli olar. |