7.1.5. Günəbaxan üçün uyğun əsas torpaq tiplər
Günəbaxan üçün əlverişli qara torpaqlar (qumsal) və gillicəli torpaqlardır (Şəkil 7.9). Şabalıdı və bataqlaşmış şəraitdə əhəngin miqdarı çox olan torpaqlar günəbaxan üçün az əlverişlidir. Qranulometrik tərkibi yüngül olan münbit torpaqlarda günəbaxan yaxşı məhsul verir. Bataqlıq, qumlu və turş torpaqlardan başqa, qalan torpaqlarda yüksək aqrotexniki tədbirlər sayəsində günəbaxandan istənilən məhsul götürmək mümkündür. Qranulometrik tərkibi ağır olan və güclü şorlaşmış torpaqlarda günəbaxan becərmək mümkün deyil (Şəkil 7.10). Torpağın reaksiyası 6-6.8 pH-ə bərabər olmalıdır (Şəkil 7.11). Günəbaxan başqa bitkilərə nisbətən torpaqdakı qida maddələrindən intensiv dərəcədə istifadə etmək qabiliyyətinə malikdir. Günəbaxan bəzi kənd təsərrüfatı bitkilərinə nisbətən bir ton dən üçün 2-2.5 dəfə artıq qida maddələri mənimsəyir. Günəbaxan azot elementini, əsasən, səbət əmələ gələn zamandan çiçəkləmənin sonuna qədər, fosforu - çıxışlar alındıqdan çiçəklənməyə qədər, kaliumu - səbətlərin əmələ gəlməsindən dənin yetişməsinə qədər daha çox mənimsəyir. Toxum tam yetişdikdə demək olar ki, azot və fosforun əsas hissəsi dəndə toplanır. Kalium elementinin 10 faizi, dəndə qalan 90 faizi isə bitkinin vegetativ orqanlarında toplanır. Günəbaxanın yüksək məhsul verməsi üçün o, intensiv texnologiya ilə becərilməli, növbəli əkinlərdə düzgün yerləşdirilməlidir. Bundan başqa, yüksək məhsul üçün ayrıca götürülmüş bir təsərrüfatda yetişmə müddətinə görə xəstəliklərə davamlı müxtəlif sort və hibridlərin istifadə edilməsinə xüsusi fikir verilməlidir, məkanın nəmlik təminatına uyğun nəzərdə tutulmuş bitki sıxlığına nail olunmalıdır. |