Günəbaxan güclü şaxələnən mil-kök sisteminə malikdir. Bütün bu növ bitkilərdə olduğu kimi bunda da mil-kök rüşeym kökcüyündən 2 dəfə sürətlə inkişaf edərək torpağın 2-4 metr dərinliyinə qədər gedir. Mil-kökdən inkişaf edən əlavə yan kökləri 100-120 santimetr ətrafa doğru yayılır. Becərilən növdən asılı olaraq dekorativ məqsədlərlə becərilənlərin gövdələri 0.7-2.5 metr, kənd təsərrüfatı məqsədləri üçün becərilənlərin gövdələri isə 1.5-4 metrə çatır.
Gövdələri dik durur, üzəri tüklü, içərisi özəklə doludur. Yarpaqları uzun saplaqlı iri, oval, ürək formalı, iti nəhayətli və kənarları mişar kimidir. Gövdənin aşağı hissəsində 3-5 cüt yarpaq qarşı-qarşıya, sonrakılar isə növbə ilə düzülür. Bir bitkidə 15-35 yarpaq olur (Şəkil 7.6).
Şəkil 7.6-da təsvir olunmuş günəbaxan aşağıdakı hissələrdən ibarətdir:
Çiçəyi səbətdir. Yağlıq günəbaxanlarda onun diametri 10-20 santimetr, çərəz günəbaxanlarda isə 40 santimetrdir. İkicinsli, çarpaz tozlanan bitkidir. Bir səbətdə 600-1200 çiçək olur. 5 erkəkcik və 1 dişicikdən ibarətdir. Dişicik tez yetişir. Meyvəsi toxum hesab edilir və tum adlanır. Tumu uzunsov, pazşəkilli, 4 üzlü, sivri nəhayətli, ikiləpəlidir. 1000 ədədinin kütləsi 35-75 qram, hətta 120 qrama çatan formaları da vardır.
Çiçəkləməsi cücərmə fazasında 50–60-cı gündən başlayaraq 20-25 gün davam edir. Bir günəbaxanın səbətciyi 8-10 günə tam çiçəkləyir. Səbətciyin maksimum böyüməsi çiçək töküləndən sonra 8-10 gün müddətində başa çatır. Bitki tam quruyana qədər onun səbətciyi inkişaf edir. Sort və hibrid, yetişmə şəraitindən asılı olaraq səbətciyin yetişməsi cücərtilər torpaq səthinə çıxan gündən 70-120 gün ərzində baş verir. Çiçəklər mayalandıqdan 32-40 gün ərzində toxumların yetişməsi davam edir. Günəbaxanın vegetasiya müddəti: