Bitkiyə isə optimal gübrə norması verilməsi ləngidilərsə və ya həmin gübrə norması azaldılarsa, ən yaxşı halda bitki məhsuldarlığı aşağı salınacaq. Bunun digər pis tərəfi isə bitki xəstəliklərə qarşı həssaslaşacaq və ümumiyyətlə, məhsulun tam itirilməsi riski artacaq. Yüksək aqrotexniki xidmət sayəsində isə məhsul yüksək olacaq, toplanan məhsul isə maya dəyərini çıxartmaqla yanaşı, təsərrüfatçıya əlavə qazanc gətirəcəkdir.
İstehsalatın keyfiyyəti günəbaxan əkinlərində sortla, ona edilən qulluq işləri ilə yanaşı, onun istehsalata yararlılıq səviyyəsi ilə xarakterizə edilir. Bunun üçün yığılmış məhsulun tətbiqi sahələri müəyyənləşdirilir. Günəbaxan həm dəyərli yağ bitkisi, həm də yüksək protein ehtiyatına malik yem bitkisidir (Şəkil 6.5). Ona görə də təsərrüfatçı məhsulun istehsalını, onun yığımdan sonra tətbiq sahəsinə görə hazırlanmasını əkindən qabaq müyyənləşdirməlidir. Əgər təsərrüfatçı toxumluq məhsul istehsal etməyi qərarlaşdırıbsa, bu halda o, yüksək potensiallı sort əkməli və ona yüksək aqrotexniki xidmət təşkil etməlidir. Əgər yem istehsalı üçündürsə, bu halda ikinci dərəcəli toxum materialı və ya hibrid toxum əkilməlidir. Bu, o demək deyil ki, sort toxum istehsalı ilə yanaşı, çərəz, yağ və yem istehsalına yaramır. Yarayır, amma iqtisadi rentabellik baxımından əlverişli deyil (Şəkil 6.6, Şəkil 6.7, Şəkil 6.8, Şəkil 6.9).
Günəbaxan əkinçiliyində işçi qüvvəsi digər kənd təsərrüfatı bitkiləri istehsalına nisbətən az işlənir. Lakin bu bitkinin becərilməsi işçilərdən müəyyən bilik və bacarıq tələb edir. İşçi ona verilmiş işin öhdəsindən gəlməsi üçün o, görəcəyi işin mahiyyətini dərk etməli və görəcəyi işin ona nə qazandıracağını bilməlidir. Təsərrüfatçı həmin işçinin gördüyü işə əsasən onun qazanacağı qazancı müəyyən edib vaxtı-vaxtında işçiyə təqdim etməlidir.
Günəbaxan əkinlərində bu bitkinin rentabelliyi sort və ya hibridin potensialı, ona edilən aqrotexniki qaydalarla becərmə işləri və emal sahələrindən asılıdır. Məsələn, əgər təsərrüfatçı toxumluq məqsədi ilə yüksək reproduksiyalı sort əkib keyfiyyətli toxum məhsulu yığıbsa, onu yem istehsalına təqdim etməsi rentabellik baxımından əlverişli deyil. Digər bir hala nəzər yetirək, əgər təsərrüfatçı yem məqsədi ilə sort əkib və həmin məhsuldan həm yem tədarükü, həm də toxum tədarük edə bilibsə, bu, onun üçün rentabellik həddinin yüksək olması deməkdir. Bu halda təsərrüfatçı həm yem materialından, həm də toxum materialından qazanc əldə etmiş olur.