Günəbaxan əsas yağlı bitkilərdən biridir. Respublikamızın qara şabalıdı və boz meşə torpaqları günəbaxan yetişdirilməsi üçün yararlıdır. Günəbaxan qumsal, şoran və gec qızan ağır qranulometrik tərkibli torpaqlarda pis böyüyür. Ölkəmizdə statistik məlumatlara görə günəbaxanın əkin sahəsi 2011-ci il üçün 9.9 min hektar təşkil edirdisə, 2015-ci ildə bu rəqəm 9.3 min hektar olmuşdur. Günəbaxanın ümumi məhsuldarlığı isə 2011-ci il üçün 1.6 min ton təşkil edirdisə, 2015-ci il üçün bu rəqəm 1.4 min tondan çox olmuşdur. Günəbaxanın dən məhsuldarlığı hektardan 12-14 sentnerdən 25-30 sentnerə qədər dəyişir. Azərbaycanda (2014) dənlik günəbaxanın əkin sahəsi 11705 hektar, ümumi yığımı 19840 ton, məhsuldarlığı isə 1 hektarda 173 sentner olmuşdur (Şəkil 6.1). Azərbaycanda bu bitki silos məqsədi üçün Cəlilabad, Masallı, Biləsuvar, Şəki, Şamaxı və s. rayonlarda becərilir. Bu, yüksək keyfiyyətli qida və yağ istehsalı üçün dəyərli xammaldır. Günəbaxan toxumu tərkibində 20-60 faiz yağ toplanır. Günəbaxan yağı açıq-sarı, yarımquruyan, yaxşı tamlı ərzaq yağı hesab olunur. Günəbaxan yağı çox yayılmış bitki yağlarındandır (Şəkil 6.2) və ondan marqarin istehsalında geniş istifadə olunur. Bundan başqa, konserv sənayesi, əlif hazırlanması, sabun bişirilməsi, amin turşusu və stearin (stearin - günəbaxan yağının kristallaşdırılmış formasıdır və sabun, kağız, rezin, şam istehsalında tətbiq edilir) istehsalında da geniş tətbiq edilir. Günəbaxan toxumlarının qabığından xammal kimi sənayedə heksoz və pentoz şəkərlərinin alınmasında istifadə olunur. Heksoz şəkərlərindən spirt, pentoz şəkərindən furfurol alınır ki, bundan da süni lif, plastmas, qırılmayan şüşələr və s. istehsal edilir. Eyni zamanda sənayedə müşəmbə (linoleum), su keçirməyən parçalar və s. alınır. Yağlı bitkilər həm də bitki zülalı mənbəyidir. Toxumların yağı emal edilərkən qalan jmıx və cecədə 35-40 faiz zülal olur. |