5.3.2. Toxum materialının qurudulması
Kombaynla biçin aparılan zaman toxum tarladan kombaynın dən bunkeri (15) dolan kimi yük maşınları ilə çıxarılmalı və qurutma xırmanlarına daşınmalıdır. Bu işin gecikməsi zamanı nəm toxumların rütubəti quru toxumlar arasında paylanır. Bu da toxumun keyfiyyətinə mənfi təsir edir. Yığım zamanı toxum materialında və onun saxlanmasında nəmlik faizi vacib amildir. Yüksək nəmli toxumları uzun müddət saxlamaq çətin olur. Nəmliyi yüksək olan toxum tərkibində zərərvericilərin və xəstəliktörədicilərin inkişafı üçün əlverişli şərait yaranır. Bu cür toxumlarda öz-özünə qızışma gedir. Bu da nəm dənin həm xammal baxımından, həm də toxum materialı kimi yararlılığını aşağı salır. Raps bitkisi toxumlarının uzunmüddətli saxlanması üçün onların nəmlik tutumu 7-8 faizdən çox olmalı deyil. Ona görə də tarladan gəlmiş raps toxumları təmizlənib 7-8 faiz nəmlik tutumuna qədər qurudulur. Təmizləmə toxumu qurutmadan qabaq həyata keçirilir. Belə ki toxumun tərkibində müxtəlif nəmli bitki qırıntıları olur. Bunlar təmizlənməmiş qurudulmaya verilərsə, qurutma müddəti artar, bu isə artıq vəsait və enerji sərfiyyatı deməkdir. Toxumun təmizlənməsi üçün müxtəlif toxumtəmizləyən qurğulardan istifadə olunur. Bunlardan Pektus K-236 və OVP-20A toxumtəmizləyənini göstərmək olar (Şəkil 5.6). Toxumtəmizləyənə tökülmüş toxum qurğuda olan pnevmatik ələklərlə təmizlənir. Toxumların biçindən sonra tarlada və ya xırmanda nəmliyinin təyinini portativ nəmlikölçən cihazlarla həyata keçirmək mümkündür (Şəkil 5.7). Toxumölçən rəqəmsal ekranla və əlavə şubla təchiz edilir. Götürülmüş toxum kütləsi nəmlikölçənin toxum qabına tökülür. Müəyyən vaxtdan sonra ekranda toxumun nəmlik faizi əks olunur. Şub qoşulduqda isə toxum kütləsinin nəmliyini yük maşınının üstündə, elevatorda və toxumsaxlama bunkerində müəyyənləşdirmək olar. |