Mübarizə tədbirləri:
Əkin sahəsinin ətrafında kələmkimilər fəsiləsindən olan alaq bitkiləri üzərində böcək aşkarlanarsa, həmin böcəklər raps əkinlərinə keçməmiş tarlanın 20-50 metrlik ətrafı boyunca insektisid çilənməlidir. Əgər zərərverici tarlaya keçibsə, tarla bundan sonra dərmanlanmalıdır.
Dərmanlama alfa supermetrin və ya supermetrin tərkibli insektisidlərin 100 qramını 1 litr suda qarışdıraraq çiləmə üsulu ilə aparılır. Çiləmə 2-3 dəfə təkrarlanmaqla bitki çiçəkləmə dövrünə başlamadan aparılır. İnsektisid həsəratın mədə-bağırsaq sistemi ilə qəbul edilir, sinir sistemini iflic edərək həşaratı öldürür.
Həmçinin, 40 faizli metafosun 1 kiloqramını 1 hektara, 50 faizli karbofosun 0.6-0.8 kiloqramını 1 hektara 3 dəfə təkrarlamaqla çilənməsi məsləhətdir.
4.5.4. Kələm mənənəsi
Bir çox ərazilərdə yayılmışdır. Yetkin fərdin uzunluğu 2 millimetrədək, rəngi yaşılımtıl olur. Erkəkləri qanadlı, dişiləri qanadlı və qanadsız olur. Dişi fərdlərin bədənləri uzunsov başdan ibarətdir və döş nahiyələri qəhvəyi, qarın nahiyələri isə sarımtıl yaşıl rəngdə olur (Şəkil 4.63, Şəkil 4.64). Yumurta qoyan dişiləri 1.7 millimetr böyüklükdə, qanadsızdır. Yumurtaları oval və ya usunsov olmaqla 0.5 millimetr böyüklükdə olur. Yeni qoyulmuş yumurtalar krem rəngində olur, sonra isə get-gedə qaralır. Sürfələri qanadsız mənənələrə bənzəyir, lakin olduqca kiçik olur. Kələmkimilər fəsiləsindən olan bitki qalıqlarında yumurta qoyaraq qışlayır. Aprel və may ayının birinci dekadasında yumurtadan sürfələr çıxmağa başlayır. Havaların 10 dərəcə yüksəlməsindən sonra onlar üçün yaranmış əlverişli şəraitdə aktiv qidalanmağa başlayır. Əvvəlcə kələmkimilər fəsiləsindən olan alaq bitkiləri üzərində qidalanır. Aktiv qidalanan qanadlı dişi mənənə alaq bitkilərindən raps sahəsinə keçir. |