Yetkin fərdlər aprel ayında yumurta qoyaraq aktiv çoxalır. Dişi fərdlər yeni əmələ gəlmiş raps qöncələrini deşərək çiçəyin daxilinə yumurta qoyur. Sürfələri bitkiyə bir o qədər də zərər vurmur. Əsasən, çiçək tozcuğu ilə qidalanır. Lakin bir çiçəkdə bunların sayı beşdən çox olanda onlar artıq çiçəyin daxili orqanları ilə qidalanmağa başlayır, qönçəni məhv edir (Şəkil 4.60, Şəkil 4.61, Şəkil 4.62). Bir çox halda çiçək yeyilib qurtardıqdan sonra sürfələr digər bitki üzərindəki çiçəklərə keçərək ziyan vurulmuş sahəni genişləndirir. Belə qönçələrdən formalaşan buynuz meyvə zədələnmiş və ya bir çox halda toxumsuz olur. Bitkinin çiçəkləri qurtardıqdan sonra raps çiçəkyeyəninin sürfəsi bitkinin yarpaqları və gövdəsi ilə qidalanmağa başlayır. Sürfələr hava şəraitindən asılı olaraq 8 gündən 36 günə qədər inkişaf edir. İnkişaflarının sonunda torpağa düşür, 5 santimetr torpaq dərinliyinə keçib pup əmələ gətirir. 11 gün müddətində pup daxilində keçirdikdən sonra yetkin fərd formasında pupu tərk edib fəaliyyətlərini davam etdirir. Raps qönçə əmələ gətirəndən sonra onun üzərinə keçən böcək tozcuq əldə etmək üçün təzə formalaşmış qönçəni dələrək daxilinə keçir. Əsas ziyan da bununla başlayır, bu zaman böcək tozcuq əldə etmək üçün qönçəni dələn zaman çiçəyin cinsiyyət orqanları olan dişicik və erkəkciyi də zədələyir. Zədələnmiş qönçələr açılmadan solub vaxtından tez tökülür. Hər bir raps bitkisi üçün 3-5 böcək və ya bitkinin çiçəklənməsi və qönçə əmələ gətirməsi dövründə isə 100 çiçəyə 10 böcək bütün məhsulun yarıdan çoxunun itkisi deməkdir. Hesablamalara görə bir böcək gün ərzində orta hesabla 7-8 qönçə məhv edə bilir. Böcəklərin orta hesabla hər bitkidə 5 ədəd hesabı ilə olması məhsuldarlığın 14-16 faiz azalmasına gətirib çıxarır. 10 böcək olması isə 25 faiz, 20 böcək sayılıbsa, bu zaman məhsul itkisi 50-70 faiz təşkil edəcək. |