Preparat tələb olunan normalarda tətbiq edilərsə, bitki üçün fitotoksik deyildir. Bir çox digər funqisidlərlə birgə tətbiq edilə bilər. Lakin bundan qabaq mütləq sınaq çiləməsi aparılmalıdır. Preparat rapsın digər xəstəliklərinə fomoz və sklerotinioz xəstəliklərinin bəzi formaları üçün tətbiqində müsbət təsir göstərir.
Nekrotrof bioloji qrup xəstəliklərdəndir. Bakteriya mənşəli xəstəlikdir. İlk dəfə Ukraynada 1948-ci ildə raps bakteriya mənşəli xəstəlikləri sırasına daxil olub öyrənilmişdir.
Xəstəliyin əlaməti olaraq bitkinin kök boynu nahiyəsində çürümə, bitkinin həmin nahiyədən qırılması ilə müşayiət olunur. Qırılmamış bitkilərdə kiçik ölçülü yarpaqlar əmələ gəlsə də, tezliklə həmin bitkilər də məhv olur. Xəstəlik çox vaxt payız aylarında - sentyabr və ya oktyabr ayının əvvəllərində özünü büruzə verir. Xaricdən bitki üzərində xəstəliyi müşahidə etmək mümkün deyil. Bunu yalnız bitki kök boynundan kəsildikdə müşahidə etmək mümkündür (Şəkil 4.51).
Bitkinin kök daxilində boşluq əmələ gəlir ki, bu da bitkinin təmin olunması üçün lazım olan toxumaların xəstəlik nəticəsində sıradan çıxması ilə izah olunur. Buna həm də azot gübrəsinin normadan artıq verilməsi bitkinin tələf olma faizini artırır.
Xəstəliyin mənbəyi xəstə bitkilər və digər kələmkimilər fəsiləsindən olan xəstə bitki qalıqlarıdır. Xəstəlik toxumla yayılmır. Xəstəlik kələm milçəyi kimi həşəratlarla yayılır.
Mübarizə aparmaq üçün demək olar ki, bu xəstəliyə qarşı etibarlı funqisid yoxdur. Yalnız aqrotexniki qaydalarla mübarizə tədbirləri xəstəliyin aradan qaldırılmasına kömək edə bilər. Bundan əlavə torpaq dezinfeksiya olunmalıdır. Torpağı dezinfeksiya etmək üçün karbation, xlorpikrin, formalin və sönməmiş əhəngdən istifadə edilir. Ən yaxşı dezinfeksiya payızda havanın temperaturu 8-10°C-dən aşağı olmamaqla və ya yazda toxum səpininə 25-30 gün qalmış aparılır. Karbation 1:10 nisbətində 1 kvadrat metrdə 2-2.5 litr işçi məhlul, xlorpikrin 60 qram, formalin məhlulu 1:5 nisbətində 9 litr, sönməmiş əhəng 1.5 kiloqram olmaqla tətbiq edilir. Bunun üçün xəstə bitki sahəsinə veriləcək azot gübrəsinin normasını maksimum səviyyədə azaltmaq lazımdır. Sahəyə əlavə fosfor və kalium gübrələri verilməklə xəstəliyin ziyanını müəyyən qədər azaltmaq olar. Məhsul yığımından sonra sahədə qalmış bitki qalıqları yığılıb kənar bir yerdə yandırılıb və ya dərin basdırılmalıdır. Tarlada dərin şum işləri aparılmalı və sahə 1-2 illik dincə saxlanmalıdır. Bakterioza qarşı davamlı sortlar əkilməlidir.