Müasir dövrdə herbisidlərdən alaqların məhv edilməsində geniş istifadə olunur. Araşdırmalar göstərir ki, əksər herbisidlər məməlilər üçün zərərsizdir.
4.10.5. Kimyəvi mübarizə tədbirləri
Yaz mövsümündə taxıl əkinlərinə qulluq işlərindən biri də buğdanın kollanma fazasında alaqlara qarşı kimyəvi mübarizənin aparılmasıdır (Şəkil 4.50, Şəkil 4.51). Bu məqsədlə dövlət qeydiyyatından keçmiş kimyəvi preparatlardan istifadə etmək lazımdır. Hər hektara 200-400 litr suda həll edilmiş dərman çilənməlidir. Hektara tələb olunan suyun miqdarı artıq olarsa, dərmanın bitkiyə təsiri azalar. Hava buludlu və yağmurlu olarsa, yaxud uzunmüddətli quraqlıqda dərmandan istifadə etmək olmaz. Havanın temperaturu 8 dərəcədən az, 25 dərəcədən yuxarı olmamalı, dərmanlama yalnız göstərilən intervalda aparılmalıdır. Çiləyicilər diqqətlə təmizləndikdən sonra digər bitkilərin dərmanlanmasında istifadə olunmalıdır. Tez dərmanlama taxılda kollanmanı azaldır, gec dərmanlama isə bitkinin mayalanması və sünbülün əmələ gəlməsinə maneə törədir. Taxıl tarlalarında olan yabancı otların enliyarpaqlı və yaxud daryarpaqlı olması əsas götürülərək fərqli dərmanlama aparılmalıdır. Herbisidlərin verilməsi aşağıdakı qaydada hesablanmalıdır. Misal 1. Tutaq ki, tərkibində təsiredici maddə miqdarı 60 faiz olan 2.4-D natrium duzunun miqdarını təyin etmək tələb olunur. Herbisidin təsiredici maddə hesabı ilə 1 hektara verilmə dozası 1.2 kiloqram müəyyən edilmişdir. Hektara fiziki çəkidə neçə kiloqram verilməlidir? Bunu aşağıdakı qaydada hesablamaq lazımdır. |