Müqayisə üçün göstərmək olar ki, taxılların bir bitkisi çox yaxşı aqrotexniki şəraitdə
yetişdiriləndə 800-1200 ədədə yaxın dən verir. Bundan görünür ki, mədəni bitkilərin qayğısına
qalmağı zəiflətsək, dərhal alaq otları onları məhv edər. Mədəni bitkilərin toxumlarından fərqli
olaraq alaq toxumları öz cücərmə qabiliyyətlərini bir çox illər ərzində saxlaya bilir. Məsələn,
bağayarpağı toxumları torpaqda 8 il ərzində, tarla xardalının toxumları 10 il, qızıl pencər
toxumları 40 il ərzində cücərmə qabiliyyətini itirmir. Bəzi alaqların toxumları hətta
heyvanların mədəsindən keçəndə də öz cücərmə qabiliyyətini saxlayır. Buna görə də yaxşı
çürüməmiş peyin torpağı alaqlandırır. Alaqlarla mübarizə aparmaq üçün onların bioloji
xüsusiyyətlərini bilmək çox vacibdir.
4.10.1. Alaqlara qarşı mübarizə
Əkilmiş mədəni bitkidən başqa, digər mədəni və yaxud yabanı bitkilər alaq otları adlanır. Yabanı otların rəqabət qabiliyyəti mədəni bitkilərdən daha güclü olduğundan mədəni bitkilərin inkişafı zəifləyir, məhsuldarlığı aşağı düşür. Alaq otları məhsuldarlığı aşağı salmaqla bərabər məhsulun keyfiyyətini də pisləşdirir. Aparılan tədqiqatlara görə yoluxma dərəcəsindən asılı olaraq alaq otları məhsuldarlığı 20-50 faiz aşağı salır. Alaqlara qarşı mübarizə tədbirləri 2 qrupa bölünür:
1. Aqrotexniki mübarizə;
2. Kimyəvi mübarizə. |