Aqrotexniki mübarizə olaraq əkinlərdə seyrəkliyə yol verilməməli, səpin normasına düzgün riayət olunmalıdır. Alaq otlarına qarşı müntəzəm mübarizə aparılmalıdır. Taxıl vaxtında və itkisiz toplanmalı və taxıl biçinindən sonra dərin şum (20-25 santimetr) aparılmalıdır.
4.9.2. Taxıl böcəyi
Əsasən, respublikanın dəmyə əkin sahələrində geniş yayılaraq taxılın məhsuldarlığını xeyli aşağı salır. O, payızlıq və yazlıq buğda, arpa, çovdara çox zərər verir (Şəkil 4.41). Sürfələri payızlıq əkin sahələrində 15-20 santimetr dərinlikdə yaşayır (torpağın içində). May ayında isə böcəklər əkin sahələrində artıq görünməyə başlayır. Onlar gecələr dən ilə qidalanır, gündüzlər isə bitki qalıqları altında gizlənir. Yayda istilər başlanan kimi təxminən iyun ayının axırında böcəklər torpağın 30 santimetr dərinliyinə gedərək sentyabrın əvvəllərinə qədər yuxuda olur. Payızın sərin havaları başlayanda (təxminən sentyabr ayının sonlarında) taxıl böcəyi dərin şum aparılmayan sahələrdə kövşənlər, quru alaq otları, ot və saman topalarının altına yığışır. Yeni cücərtilər əmələ gələn vaxtda zərərvericilər güclü qidalandığı üçün əkin sahəsində 35-40 faiz seyrəklik əmələ gəlir. |