Dənli taxıl bitkilərini (buğda, arpa və s.) müxtəlif növ zərərvericilərdən başqa, bir sıra digər zərərli həşəratlar da zədələyir.
Azərbaycan şəraitində ən çox geniş yayılmış zərərvericilər aşağıdakılardır:
4.9.1. Ziyankar bağacıq
Azərbaycanın taxılçılıqla məşğul olan bütün bölgələrində geniş yayılıb (Şəkil 4.40). Zərərli taxıl bağacığının yetkin fərdlərinin üzəri qalxanvari yarım sərt qanadla örtülüdür. Ziyankar taxıl bağacıqlarının kütləvi inkişaf etdiyi rayonlarda 25-30 faiz məhsul itkisinə səbəb olur. Taxıl bitkilərinin ən qorxulu zərərvericisi hesab olunur. Ən çox yazlıq buğdaya zərər verir. Arpa bitkisini isə nisbətən az zədələyir. İldə bir nəsil verir. Yetkin bağacıqlar meşələr, bağlar, qurumuş yarpaqlar, kolların altında qışlayır. Yazda aprelin birinci yarısında havanın orta temperaturu 16-18 dərəcə selsiyə çatdıqda onlar qışladığı yerlərdən taxıl sahələrinə uçur. Ziyankar bağacıq yumurtalarını mədəni bitkilərin yarpaqları və gövdələri üzərinə düzür. Yumurtalardan 9-14 gündən sonra sürfələr çıxmağa başlayır. Sürfələrin inkişafı 30-38 gündə başa çatır. Qışı şiddətli soyuq keçən illərdə bağacıqların çox hissəsi məhv olur. |