4.8.2. Sarı pas xəstəliyi
Ölkəmizdə sarı pas xəstəliyinə buğda bitkisində daha çox rast gəlinir. Xəstəlik bitkilərin yarpaqları, yarpaq qınları, sünbül və bəzi hallarda isə dənələri zədələyərək açıq-sarı və ya limonu rəngdə yastıcalar əmələ gətirir. Bu yastıcalar nöqtə forması alaraq yarpaq üzərində sıra ilə bir xətt boyunca düzülür (Şəkil 4.38). Sarı pas xəstəliyinə əvvəlcə bitkilərin aşağı hissəsində yerləşən yarpaqları tutulur. Respublikamızın bəzi rayonlarında payızlıq taxıllarda sarı pas xəstəliyinin inkişafı mart ayından başlayaraq bitkilərin çiçəkləyən dövrünə qədər davam edir. Bitkilərin çiçəkləməsindən sonra xəstəliyin inkişafı zəifləyir. Xəstəliyin inkişafına havanın rütubəti və temperaturu böyük təsir edir. Bu xəstəlik nisbətən aşağı temperaturda daha yaxşı inkişafda olur. Sarı pas xəstəliyinin inkişafı üçün aşağı temperatur 3 dərəcə selsi, əlverişli 5-11 dərəcə selsi və yüksək temperatur isə 23 dərəcə selsidir. Temperatur 24-25 dərəcə selsiyə qalxdıqda isə xəstəliyin inkişafı dayanır. Sarı pas xəstəliyinə tutulmuş bitkinin yarpaqları saralıb quruyur, onların inkişaf prosesi pozulur və az məhsul verir. Bəzən bu xəstəliyə tutulan bitkilər məhv olur. Mübarizə tədbiri. Xəstəliyə davamlı bitki sortlarından istifadə edilməlidir. Aqrotexniki üsulla mübarizə zolaqlı pas xəstəliyində olduğu kimi aparılmalıdır.
4.8.3. Qonur pas xəstəliyi
Bu xəstəlik də respublikamızda taxılçılığa böyük ziyan vurur. Xəstəlik buğdanın yarpaqlarını zədələyərək qonur yastıcıların əmələ gəlməsinə səbəb olur (Şəkil 4.39). Qonur pas xəstəliyi qış dövrünü bitki qalıqları üzərində müxtəlif halda keçirir. Xəstəliyin inkişafı üçün əlverişli temperatur15-25 dərəcə selsidir. |