Şəkil 4.36. Bərk sürmə xəstəliyi
4.7.2. Bərk sürmə xəstəliyi

Bu xəstəlik respublikamızda geniş yayılıb. Bu xəstəliyə dənin süd dövründə rast gəlinir. Xəstəliyə tutulmuş bitkilər zəif inkişaf edir. Sünbüllərin rəngi dəyişir və boyu balaca qalır. Dənlər şişkin və yumru olub daxilində qaramtıl kütlə (xlamidospor) yerləşir (Şəkil 4.36). Bu kütlə nisbətən bərkdir. Hər bir dəndə təxminən bir neçə milyona qədər xlamidospor yerləşir. Xlamidosporla (xəstəliyi törədən göbələk) dolmuş dənələrə sürmə kisəciyi deyilir. Sürmə kisəciyi yüngül olduğu üçün sünbül dik dayanır.

Məhsul yığılarkən, taxıl döyülərkən mexaniki təsirdən sürmə kisəcikləri dağılaraq xlamidosporları sağlam dənələrin üzərinə tökülür. Xəstəliyi törədən göbələklər qışı, əsasən, dənələrin üzərində və bitki qalıqlarında keçirir. Onlar dənlə birlikdə torpağa düşüb cücərir. Bu göbələklər torpaqda tez cücərir və torpaqda olan digər orqanizmlər tərəfindən məhv olur. Torpaqda nəmlik 40-60 faiz və temperatur 5-10 dərəcə olduqda xəstəliyin törədiciləri cücərir və bitkini yoluxdurur. Buna görə də payızlıq buğdanın gec səpilən sahəsində, yazlıq buğdanın isə tez səpin aparılan sahəsində bərk sürmə xəstəliyi sürətlə inkişaf edə bilir. Qeyd ediləni nəzərə alaraq payızlıq və yazlıq buğda bitkilərini əlverişli vaxtlarda səpmək lazımdır. Bərk sürmə xəstəliyinə tutulmuş bitkilərin məhsulu azalır və keyfiyyəti pisləşir, bəzən sahədə bütün cücərtilər məhv olur.


Mübarizə tədbiri. Xəstəliyə qarşı mübarizədə əkin üçün sağlam və keyfiyyətli toxum seçilməlidir. Toxumluq üçün nəzərdə tutulan sahələrdə bərk sürmə xəstəliyi 5 faizdən artıq olduqda oradan toxum götürülmür. Xəstəliyə qarşı davamlı sortlardan əkin üçün istifadə etdikdə səpin müddəti və gübrə verilməsini düzgün apardıqda bərk sürmə xəstəliyi azalır. Bundan başqa, bitkilərin boruya çıxarılma fazasında ona fosfor, kalium gübrələri və manqan, dəmir mikroelementləri verildikdə onun bərk sürmə xəstəliyinə qarşı davamlılığı artır. Belə ki qeyd olunan gübrələr və mikroelementlərin təsirindən bitkilərdə yaxşı inkişaf prosesi gedir, bunun nəticəsində onun daxilində xəstəlik törədicisinə qarşı davamlılıq çoxalır. Buğdanın bərk sürmə xəstəliyinə qarşı səpindən qabaq toxumlar kimyəvi maddələrlə dezinfeksiya edilməlidir.