Sistemə suyun verilməsinə xüsusi diqqət yetirilməlidir. Daimi su kəmərləri olmadığı hallarda ən sadə və ucuz başa gələn, ən azı bir suvarma sayını təmin edəcək su çənlərindən (ən azı 1.5-2 metr hündürlükdə olan su çəni) istifadə etmək olar. Ancaq lazım olan halda bahalı su nasoslarından istifadə edilməklə suyun verilməsi təmin edilmılidir.
Damcı ilə suvarma zamanı ancaq təmiz sudan istifadə məqsədəuyğundur. Təmiz su olmadıqda yaranan əsas problem istifadə zamanı damcıladıcı sistem - boru kəmərləri, şlanqlar və ayrı-ayrı damcıladıcıların tutulması, dolmasıdır. Bunun qarşısını almaq məqsədilə filtrlərdən (süzgəclərdən) istifadə etmək lazımdır. Suvarmanın təşkilinə ciddi diqqət yetirilməlidir. Respublikamızın ərazisində qış isti keçdiyindən payızlıq buğda bitkisinin vegetasiyası dövründə 3-4 dəfə vegetasiya suvarması aparılmalıdır.
Əkinçilikdə çox zaman məhsuldarlığı aşağı salan məsələlərdən biri bitkilərin həddindən artıq sıx səpilməsidir (Şəkil 4.31, Şəkil 4.32). Çox zaman fermerlər əhəmiyyət verməyərək düzgün olmayan formada səpin aparırlar. Dənli bitkilərin (əsasən, buğda, arpa) səpin üçün normasını bəzən çox, bəzən isə az götürürlər. Səpin aşağı norma ilə aparılarsa, sahədə bitkilər seyrək olur (Şəkil 4.33), alaqların inkişafı üçün şərait yaranır, nəticədə məhsuldarlıq aşağı düşür. Digər halda səpin norması yüksək götürüldükdə isə sahədə bitkilər sıx olur, bitkilər bir-birini kölgələndirir, torpaqda su, qida maddələri çatışmır və yenə də məhsuldarlıq aşağı düşür.
Bitkidə məhsuldarlığın artırılmasında sünbül elementləri çox mühüm əhəmiyyətə malikdir. Payızlıq buğda sortlarında sünbülün uzunluğu, sünbülcüklərin sayı, sünbüldə dənin sayı, sünbüldə dənin kütləsi məhsuldarlığa güclü təsir edir. Bitkilərin sıxlığından asılı olaraq bitkidə bu əlamətlərin sayı dəyişir, qidalanmadan asılı olaraq artıb, yaxud azala bilir. Əgər bitki həddindən artıq sıx əkilərsə, bitkidə qida çatışmazlığı baş verir, bitki yaxşı qidalanmır, sünbül zəif inkişaf edir, dənlər cılız olur və sünbüldə dənin çəkisi azalır. Bununla yanaşı, dənin tərkibində olan keyfiyyət göstəriciləri çörək bişirilməsi və makaron hazırlanması üçün lazım olan qida maddələri tam olaraq dəndə toplanmır.