Ümumiyyətlə, vegetasiya dövründə (bitkinin əkildiyi dövrdən biçildiyi dövrə qədər olan vaxt) torpaqda olan
nəmliyin miqdarına nəzarət etmək lazımdır ki, nəmişlik torpaqda 70-75 faizdən aşağı düşməsin. Maksimum su
məsarifi (suya daha çox tələbat) boruya çıxmadan dənin süd yetişmə dövrünə qədər olur. Tədqiqatlar göstərir
ki, vegetasiya suvarmaları elə aparılmalıdır ki, torpağın 0-70 santimetr qatında nəmişlik bitkilərin boruya
çıxarılma, sünbülləmə və dənin dolması fazalarında yüngül torpaqda 60 faiz, orta yüngül torpaqda 70 faiz və
ağır torpaqlarda 80 faiz olmalıdır. Vegetasiya suvarmalarının normaları müəyyən olunarkən torpaqda rütubət
ehtiyatı, torpağın mexaniki tərkibi, rütubətləndirilən qatın qalınlığı və qrunt sularının (torpaqda olan su)
dərinliyi nəzərə alınmalıdır.
Şəkil 4.27. Yağış yağdırma üsulu ilə suvarma
4.5.4. Yağış yağdırma üsulu ilə suvarma
Yağış yağdırma sistemində sahələrə əvvəlcədən quraşdırılmış xüsusi aqreqatlardan istifadə
edilir (Şəkil 4.27). Yağış yağdırma üsulu ilə suvarmada suvarma suyu çiləyici aparatlara müvafiq maşın
və aqreqatların köməyi ilə açıq və qapalı suvarma şəbəkəsindən müəyyən olunmuş təzyiqlə havaya vurularaq
yağış şəklində torpağa düşür, torpağı və bitkiləri nəmləndirir.
Bu üsul ilə suvarmanın üstünlükləri:
- Tоrpaq qatı müntəzəm surətdə nəmləndirilir;
- Suvarma bütövlükdə mexanikləşdirilir və avtomatlaşdırılır;
- Tоrpağın strukturu pоzulmur;
- Suvarma kiçik normalarla və tez-tez aparılır;
- Tоrpaqla birlikdə suvarılan sahə, atmоsferin aşağı qatında əlverişli mikroiqlim yaradılır, havanın
nisbi rütubəti artırılır və belə vəziyyətdə bitki qatından оlan transpiransiya (buxarlanma) azalır,
bitkinin normal inkişafı üçün əlverişli şərait yaranır;
- Sahələrdə müvəqqəti suvarma şəbəkəsinə ehtiyac оlmur (bu da görüləcək tоrpaq işinin həcmini
azaldır);
- Sahələrə su ilə bərabər gübrə verilməsi də mümkün olur;
- Sahələrin hamarlanmasına ehtiyac olmur, torpağın yalnız aktiv təbəqəsi islanır;
- Sistemin faydalı iş əmsalı və torpaqdan istifadə əmsalı yüksək olur və s..
Yağışyağdırma ilə suvarmanın çatışmayan cəhətləri:
- Maşın, aqreqat, qurğu və aparatların hazırlanmasına xeyli metal sərf edilir, əlavə istismar xərcləri
artır;
- Qrunt sularının (torpağın daxilində olan su) yer səthinə yaxın оlduğu sahələrdə tətbiq edilməsi
xeyirli olmur;
- Küləkli havada suvarma suyunun qeyri-bərabər paylanması və s..