4.4.6. Üzvi gübrələr
Taxılçılıqda xüsusilə, üzvi gübrələrin, peyin, (Şəkil 4.22), kompost (Şəkil 4.23) və s. gübrələrinin fermerlərin öz imkanları daxilində pulsuz və ya ucuz alması və bu gübrələr hesabına istehsal etdikləri məhsulun ekoloji cəhətdən təmiz olması çox böyük əhəmiyyətə malikdir. Məlum olduğu kimi üzvi maddələrlə zəngin olan torpaqlar rütubəti daha uzun müddətə özündə saxlamaq qabiliyyətinə malikdir. Üzvi gübrələr (peyin) bitkilərin sağlamlığını təmin etməklə torpağın bioloji fəaliyyətini artırır, üzvi və kimyəvi mənşəli qida maddələri, xüsusilə, fosforun mənimsənilməsini yaxşılaşdırır, torpağın turşuluğunun qarşısını alır və yaxşı vəziyyətə gətirir. Fermerlər onu da bilməlidirlər ki, torpağın nəmişlik şəraitində şumlanması, tez-tez becərilməsi, sahələrin yandırılması, düzgün gübrələnməməsi kimi hallar torpağın strukturunu (forması, tərkibini) pozan ən güclü amillərdir. Təcrübələrlə öyrənilmişdir ki, bir hektar payızlıq taxıl sahəsindən 25-30 sentner (2.5-3 ton) məhsul yığıldıqda həmin hektardan 100-110 kiloqram azot, 25-40 kiloqram fosfor və 70 kiloqramdan çox kalium mənimsənilir (biçilən bitki tərəfindən istifadə olunub). Torpaq-iqlim şəraitindən asılı olaraq bu gübrələrin vaxtında və düzgün çəkidə şum altına yemləmə şəklində verilməsi çox vacibdir. |