Xüsusilə, soyuq və rütubətli havada suvarma aparıldıqda payızlıq buğdanın kökünün çürüməsi və pas xəstəliyi ilə sirayətlənmə təhlükəsi artır. Xəstə bitkilərdə fotosintez prosesi kəskin pisləşir, tənəffüs intensivliyi və üzvi maddələrin itkisi artır, transpirasiya (buxarlanma) xeyli güclənir ki, bu da məhsuldarlığı xeyli azaldır. Gübrələrdən düzgün istifadə edildikdə pas xəstəliyinə qarşı davamlılıq artır. Suvarma şəraitində becərilən payızlıq buğda sortları əlavə rütubətlənməyə yüksək həssas, habelə yatmaq və göbələk xəstəliklərinə qarşı davamlılığı yüksək olur. Onların azotla kifayət qədər təmin olunması dənin tərkibində zülalın miqdarını artırır. İndi respublikada dənli bitkilərin əsas hissəsini intensiv sortlar təşkil edir. Bu sortların qida maddələrinə yüksək dərəcədə tələbkar olduğunu nəzərə alaraq gübrə normalarını nizamlamaq son dərəcədə vacibdir. Həmin sortlar əkilən sahələrə erkən yazda torpaq-iqlim şəraitindən asılı olaraq azot gübrəsinin 15-20 faizi səpindən qabaq, 60 faizi erkən yazda, 20-25 faizi isə bitkilərin boruya çıxarılma fazasında yemləmə şəklində verilməlidir. Əgər payızda səpindən qabaq azot gübrəsi verilməyibsə, onda yazda onların qidaya olan tələbatlarını qismən də (azda olsa) olsa, ödəmək üçün gübrə vermək məsləhətdir. Yaz yemləmə gübrəsi taxılların boruya çıxarılma mərhələsindən qabaq verilməlidir. Çünki bu zaman daxildə sünbül hələ formalaşmamış olur. Ona görə də qabaqcadan verilən yemləmə gübrəsi sünbüldə sünbülcüklərin sayını artırmaqla onun tam formalaşmasına şərait yaradır.
Əgər bitkidə azot gübrəsi çatışmırsa, bitkinin inkişafı zəifləyir və yarpaqlar saralır (Şəkil 4.21). Sonda məhsuldarlıq aşağı düşür. Buna görə də gübrələrin verilmə müddətlərinə düzgün riayət etmək lazımdır.Taxıl əkini ilə məşğul olan torpaq sahibləri bilməlidirlər ki, əkin sahələrində torpaq yaza yaxın sıxılıb bərkiyir. Bunun da nəticəsində bitkilərin köklərinə hava çətin daxil olur, torpaqda isə rütubətin (suyun) daha çox buxarlanmasına şərait yaranmış olur. Bunun qarşısını almaq üçün erkən yaz, əsasən də, quraq dəmyə şəraitində (suvarılmayan sahələrdə) bitkilərə yemləmə gübrəsi verildikdən sonra əkinləri səpinin köndələninə yüngül dişli mala ilə malalamaq lazımdır. Bu zaman əmələ gəlmiş xırda qaysaqlar dağıdılır, torpaqdan rütubətin buxarlanmasının qarşısı alınır, xırda alaq cücərtiləri məhv olur və kök sisteminin havalanması yaxşılaşır. Yadda saxlamaq lazımdır ki, əkinlərə mala bitkilərin tam kollanma mərhələsində çəkilməlidir.