4.3. Məhsuldarlığa təsir edən amillər
Taxılçılıq kənd təsərrüfatının əsasını təşkil edir. Belə ki taxıl əsas ərzaq məhsulu olmaqla yanaşı, həm də heyvandarlıq və quşçuluq (Şəkil 4.13, Şəkil 4.14) üçün yem bitkisidir. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji (vacib) sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində olmalıdır. Bununla əlaqədar olaraq aqrar elmin qarşısında duran əsas məsələ əkin sahəsindən daha yüksək miqdarda dən istehsal etməklə əhalinin taxıl və taxıl məhsullarına olan tələbatının tam ödənilməsindən ibarət olmalıdır. Taxılların becərilmə texnologiyasında onlara edilən qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdən biridir. Payızlıq taxılların böyüyüb inkişaf etməsi və məhsuldarlığına təsir edən amillər, əsasən, 2 qrupa bölünür ki, buraya nizamlanmayan və nizamlanan amillər daxildir. Nizamlanmayan amillər (illik yağmurların miqdarı, günəş radiasiyası, illik fəal temperaturların cəmi və s.), əsasən, təbiət amilləri hesab olunur, insanlar tərəfindən idarə olunmur və insanlara tabe olmur. Respublikamızın regionlarında bu amillər kifayət qədər olsa da, payızlıq taxılların məhsuldarlığını azaltmır. Respublikamızda belə iqlim şəraitinin olmasına baxmayaraq, payızlıq taxıllardan yüksək (7-8 ton hektardan) məhsul almaq mümkündür. Bunun üçün məhsuldarlığa təsir edən (suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla mübarizə, yaşıl malanın çəkilməsi, xəstəlik və zərərvericilərlə mübarizə aparılması və s.) amillərə yüksək aqrotexniki səviyyədə qulluq edilməklə nail olunur. Məlumdur ki, payızlıq taxıllar qış dövründə xarici mühitin əlverişsiz amillərinin (soyuq, şaxtanın) təsirindən inkişafdan qalır və bəzən də tamamilə məhv olur. Buna görə də payızda bitkilərə elə qulluq edilməlidir ki, onlar yaza salamat çıxa bilsin. |